Azərbaycan Gürcüstanın ikinci əsas təbii qaz tədarükçüsüdür

Energetika
  • 19 mart, 2025
  • 16:09
Azərbaycan Gürcüstanın ikinci əsas təbii qaz tədarükçüsüdür

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 59,3 milyon ABŞ dolları dəyərində 351,5 milyon kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 7 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Təkcə fevralda isə Gürcüstan Azərbaycandan 23,7 milyon ABŞ dolları dəyərində 158 milyon kubmetr təbii qaz alıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 17 % və 8 % azdır.

Bu ilin 2 ayında Gürcüstan xarici ölkələrdən 145,4 milyon ABŞ dolları dəyərində 678,2 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % və 9 % çoxdur. O cümlədən, Gürcüstana Rusiyadan 86 milyon ABŞ dolları dəyərində 327 milyon kubmetr, Çindən 41,7 min ABŞ dolları dəyərində 21,5 min kubmetr, İrandan 32,7 min ABŞ dolları dəyərində 22,8 min kubmetr, Birləşmiş Ərəb Əmirliklərindən 0,9 min ABŞ dolları dəyərində 0,15 min kubmetr təbii qaz tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 435,5 milyon ABŞ dolları dəyərində 2,315 milyard kubmetr təbii qaz alıb ki, bunun da 254,3 milyon ABŞ dolları dəyərində 1,664 milyard kubmetri Azərbaycanın payına düşüb.