Azərbaycan əsas tədarük bazarına aviasiya yanacağı ixracını kəskin artırıb
- 19 oktyabr, 2022
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 58,87 milyon ABŞ dolları dəyərində 57 min 339 ton aviasiya yanacağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,7 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.
Hesabat dövründə Lüksemburqa 32,856 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,3 dəfə çoxdur) 33 min 658 ton (+2,3 dəfə), Türkiyəyə 6,484 milyon ABŞ dolları dəyərində (+7,6 dəfə) 5 min 809 ton (+5,1 dəfə), Rusiyaya 5,823 milyon ABŞ dolları dəyərində (+17,3 dəfə) 5 min 121 ton (+12 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 2,203 milyon ABŞ dolları dəyərində (+50 dəfə) 1 min 979 ton (+34 dəfə), Gürcüstana 2,045 milyon ABŞ dolları dəyərində (-61,8 %) 2 min 599 ton (-73,8 %), məhsul satılıb.
Qeyd edək ki, ötən il Azərbaycanın ixrac etdiyi (55 ölkəyə) 84,61 min ton aviasiya yanacağının 56,5 % Lüksemburqun payına düşüb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur.