Azərbaycan ərazisindən nəql edilən Türkmənistan neftinin həcmi 88 % artıb
- 28 mart, 2022
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan ərazisindən 346 min ton Türkmənistan nefti nəql edilib.
“Report”un məlumatına görə, bu barədə “Argus” agentliyinin icmalında deyilir. Bu, illik müqaysədə 162 min ton və ya 88,04 % çoxdur.
İcmala əsasən, 2021-ci ilin eyni dövründə Azərbaycan ərazisi ilə 184 min ton Türkmənistan nefti nəql edilib.
Qeyd edilib ki, bu istiqamətdə “Dragon Oil”, “Petronas” və “Napeco” ehtiyatlarından xammal daşınıb.
Türkmənistandan gələn xam neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilir və 2013-cü ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC CO) Qazaxıstanda hasil edilən “Tengiz” xam neftinin bir hissəsini də BTC boru kəməri vasitəsilə nəql etdirməyə başladı.
Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri hazırda əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən nefti və “Şahdəniz” yatağından hasil olunan kondensatı Azərbaycandan nəql edir. BTC boru kəməri Bakı şəhəri yaxınlığında olan Səngəçal terminalından başlayıb Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Bütün Xəzər regionu üzrə strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəmərinin işə salınması üçün intensiv işlər həyata keçirilib.
BTC CO-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.