Azərbaycan enerji avadanlıqlarının istehsalı üzrə Tatarıstan təcrübəsini öyrənəcək

Energetika
  • 02 iyun, 2026
  • 15:03
Azərbaycan enerji avadanlıqlarının istehsalı üzrə Tatarıstan təcrübəsini öyrənəcək

Azərbaycan və Rusiya Federasiyası Tatarıstan Respublikası arasında enerji sahəsində əməkdaşlığın inkişafı, yeni texnologiyaların tətbiqi və enerji avadanlıqlarının istehsalı üzrə Tatarıstan təcrübəsinə dair fikir mübadiləsi aparılıb.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr nazir Pərviz Şahbazov və Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

Görüşdə Azərbaycan-Rusiya münasibətləri çərçivəsində Tatarıstanla iqtisadi, o cümlədən enerji əməkdaşlığından məmnunluq ifadə edilib.

Tatarıstanın elektrik enerji sisteminin cari vəziyyəti və planlaşdırlan layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, son illərdə sənaye və energetika sahəsində həyata keçirilən texnoloji modernizasiya çərçivəsində yeni texnologiyaların lokalizasiyası istiqamətində mühüm nəticələr əldə edilib.

Azərbaycan tərəfi gələn il keçiriləcək "Kazan Beynəlxalq Elektroenergetika Forumu"nda geniş tərkibdə iştiraka dəvət edilib. Qeyd olunub ki, Forum MDB ölkələri arasında enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. Forum çərçivəsində bir sıra texniki və praktiki məsələlər, o cümlədən enerji sistemlərinin modernləşdirilməsi və yüksək gərginlikli enerji texnologiyaları üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilir.