Azərbaycan elektrik enerjisi ixracını 1,8 dəfə artırıb

Energetika
  • 16 dekabr, 2022
  • 13:32
Azərbaycan elektrik enerjisi ixracını 1,8 dəfə artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisinin idxalı 126,3 milyon kVt/saat, ixracı isə 2 milyard 546,8 milyon kVt/saat olub.

“Report” bu barədə Energetika Nazirliyinin elektrik enerjisinə dair operativ məlumatlarına istinadən xəbər verir.

Bu, 2021-ci ilin 11 aylıq göstəriciləri ilə müqayisədə müvafiq olaraq 10,4 % və 1,8 dəfə artıb.

Bu ilin noyabr ayı ərzində Azərbaycana elektrik enerjisi idxalı 10,5 milyon kVt/saat təşkil edib. Bu, 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 0,1 milyon kVt/saat və ya 0,96 % artım deməkdir.

Ötən ay Azərbaycandan elektrik enerjisi ixracı isə 448,9 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 216,9 milyon kVt/saat və ya 91,9 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 978,2 milyon kVt/saat, yəni 3,9 % artaraq 26 milyard 260,3 milyon kVt/saat olub.

Bu ilin noyabr ayında isə Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 506 milyon kVt/saat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 96 milyon kVt/saat, yaxud 4 % artması deməkdir.