Azərbaycan bu ilin 7 ayında İtaliyaya qaz ixracını 21 %-ə yaxın artırıb
- 23 sentyabr, 2024
- 09:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar-iyul aylarında İtaliyaya 5 milyard 801 milyon 523,19 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Bu dövrdə İtaliyaya tədarük edilən Azərbaycan qazının dəyəri 2 milyard 288 milyon 216,31 min ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin hesabat dövründə İtaliyaya qaz tədarükünün həcmi kəmiyyət ifadəsində 20,8 % artıb, dəyər ifadəsində isə 2,4 dəfə azalıb.
Ümumilikdə, 7 ayda Azərbaycan 4 milyard 755 milyon 767,7 min ABŞ dolları dəyərində (1,9 dəfə az) 13 milyard 845 milyon 429,22 min kubmetr qaz (3,2 %) ixrac edib. Ümumilikdə, hesabat dövründə 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz tədarükü həyata keçirilib.
Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP 3-ə Türkiyə, İtaliya və Bolqarıstan daxildir. Eyni zamanda, Azərbaycandan ixrac edilən qazın ümumi həcminin 41,9 %-i İtaliyanın payına düşüb və Türkiyədən sonra Azərbaycan qazının ikinci alıcısı olub.
2023-cü ildə Azərbaycan İtaliyaya 8 milyard 052 milyon 416,09 min ABŞ dolları dəyərində 10 milyard 705 milyon 462 min kubmetr qaz ixrac edib. Bu, kəmiyyət ifadəsində 2022-ci il göstəricisindən 30,4 % çoxdur, pul ifadəsində isə 27,1 % azdır.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.