Azərbaycan bu il Avropaya qaz nəqlini 30 % artıracaq

Energetika
  • 29 aprel, 2022
  • 07:49
Azərbaycan bu il Avropaya qaz nəqlini 30 % artıracaq

Bu il Avropaya 10,5 milyard kubmetr həcmində Azərbaycan qazının nəqli nəzərdə tutulur.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilir ki, bu, 2021-ci illə müqayisədə təqribən 30 % artım deməkdir. Bir müddət əvvəl bu il üçün Avropaya 9,1 milyard kubmetr qazın nəqli planları açıqlanmışdı.

Həmçinin qeyd olunub ki, dünyada təbii qazın ən çox idxal edildiyi Avropa bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. "Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın Avropanın etibarlı təbii qaz təchizatçısı kimi mövqeyini gücləndirməkdədir", - SOCAR-dan bildirilib.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr həcmində planlaşdırılır.

2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.