Azərbaycan Bolqarıstana qaz ixracını təxminən 4 dəfə artırıb
- 21 iyun, 2024
- 14:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2024-cü ilin yanvar-aprel aylarında Bolqarıstana 575 milyon 796,35 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Bolqarıstana tədarük olunan Azərbaycan qazının dəyəri 183 milyon 235,98 min ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi kəmiyyət ifadəsində 426 milyon 544,17 min kubmetr (3,9 dəfə) artıb. Dəyər ifadəsində artım 124 milyon 280,8 min ABŞ dolları (3,1 dəfə) olub.
Hesabat dövründə Azərbaycan ümumilikdə 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz ixrac edib.
2023-cü ildə Azərbaycan Bolqarıstana 470 milyon 340,26 min ABŞ dolları (97,7 % çox) dəyərində 1 milyard 275,253 milyon kubmetr qaz (3,5 dəfə çox) ixrac edib.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.