Azərbaycan Avropanın yeni enerji arxitekturasında: məhdud təchizatçıdan strateji elementə doğru

Energetika
  • 05 may, 2026
  • 12:31
Azərbaycan Avropanın yeni enerji arxitekturasında: məhdud təchizatçıdan strateji elementə doğru

Avropanın enerji bazarı 2022-ci il böhranından sonra struktur transformasiyası mərhələsinə qədəm qoyub. Rusiya tədarükünün kəskin azalması, mayeləşdirilmiş təbii qaz (LNG) qiymətlərinin volatilliyi və tanker partiyaları uğrunda rəqabətin kəskinləşməsi Avropa İttifaqı (Aİ) ölkələrini və ona daxil olmayan dövlətləri enerji təchizatı strategiyalarına sürətlə yenidən baxmağa məcbur edib.

"Report" xəbər verir ki, Aİ-nin qaz idxalında Rusiyanın payı 2022-ci ildəki təxminən 45 %-dən 2025-ci ildə 12 %-ə qədər azalaraq yeni marşrutlar və təchizatçılar üçün məkan açıb.

Nəticədə, ilk növbədə ABŞ və Qətərdən LNG idxalının artmasını, ənənəvi boru kəməri ixracatçılarının (Norveç, Əlcəzair) dominant rolunun qorunmasını və proqnozlaşdırılabilən, uzunmüddətli və siyasi cəhətdən dayanıqlı tədarükləri təmin edə biləcək alternativ mənbələrin qoşulmasını özündə birləşdirən üç komponentli model formalaşıb.

Məhz üçüncü kateqoriyada Azərbaycan "ehtiyat variant" statusundan Avropa enerji təhlükəsizliyinin baza arxitekturasının elementinə keçid edib.

Azərbaycan: həcmlər çərçivəsindən kənara çıxan əhəmiyyət

Ən böyük ixracatçılar fonunda Azərbaycan orta miqyaslı oyunçu olaraq qalır: onun Aİ-nin ümumi qaz idxalındakı payı müxtəlif qiymətləndirmələrə görə 4-6 % olaraq dəyərləndirilir. Lakin burada mütləq həcmlərdən daha çox müqavilələrin keyfiyyəti, logistika və geosiyasi dayanıqlılıq vacibdir.

Əsas üstünlük – tam həcmdə fəaliyyət göstərən Cənub Qaz Dəhlizidir (SGC). Trans-Adriatik Boru Kəməri (TAP) şirkəti operatorunun məlumatlarına görə, TAP-ın ötürücülük qabiliyyəti artıq ildə 11,2 milyard kubmetri ötür və 2027-2030-cu illərə qədər 20 milyard kubmetrə qədər genişləndirilməsi imkanı var.

2025-ci ilin yekunlarına görə, Avropaya Azərbaycan qazının fiziki tədarükü 12,5 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən (tədarükün ilk ili - red.) 53 % çoxdur. 2022-ci ildə imzalanmış və 2025-ci ilin aprelində SGC Məşvərət Şurasının 11-ci iclası zamanı təsdiqlənmiş Aİ ilə Azərbaycan arasındakı memorandum 2027-ci ilə qədər həcmlərin ikiqat artırılmasına dair hədəfi təsbit edib.

LNG bazarının Asiya tələbatına və fraxt dərəcələrinə qarşı həssas olduğu bir şəraitdə, Xəzərdən gələn boru kəməri qazı avropalı alıcılara daha az logistik volatillik, Rusiya ərazisindən tranzit risklərinin olmamasını və s. təklif edir.

İtaliya lövbər bazarı kimi

Azərbaycanın Avropa strategiyasında mərkəzi yeri İtaliya tutur. Bu ölkə həm Xəzər qazının, həm də neftinin ən böyük alıcısıdır.

TAP vasitəsilə İtaliyaya hər il 8–10 milyard kubmetr qaz (2025-ci ildə - 9,5 milyard kubmetr) daxil olur, bu da milli qaz idxalının 16-18 %-ni qarşılayır. Neft sektorunda Azərbaycanın İtaliya satınalmalarındakı payı sabit olaraq 12–16 % səviyyəsində qalır və bu, Bakını Aralıq dənizi neft emalı zavodları (NEZ) üçün xammalın əsas tədarükçülərindən birinə çevirir. İtaliyanın Baş naziri Corcia Meloni ötən gün Bakıya qısamüddətli səfər edib və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarda, o cümlədən Azərbaycandan qaz və neft tədarükünün artırılmasını müzakirə edib. TAP-ın 11,2 milyard kubmetrə qədər genişləndirilməsini nəzərə alsaq, İtaliya əlavə olaraq 1 milyadr kubmetr qaz ala bilər.

İtaliya həm də qaz habı kimi çıxış edir: daxili interkonnektorlar vasitəsilə Azərbaycan qazı Mərkəzi və Şərqi Avropaya yenidən paylanılır və bu, Bakının Cənubi Avropa enerji klasterinə sistemli təsirini gücləndirir.

Cənub-Şərqi Avropa: asılılıqdan şaxələndirməyə

Azərbaycanın transformasiya rolu ən çox Cənub-Şərqi Avropa ölkələrində nəzərə çarpır.

Əvvəllər digər mənbələrdən inhisarçı tədarüklərdən əhəmiyyətli dərəcədə asılı olan Bolqarıstan və Yunanıstan indi SGC-yə uğurla inteqrasiya olunub. Gücü illik 3 milyard kubmetrə qədər olan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) işə salınmasından sonra Bakı Bolqarıstanın qaz idxalının təxminən 40 %-ni, Yunanıstanın isə 15–20 %-ni təmin edir. Bu, regionlara nəinki "inhisar riskləri"nə görə qiymət əlavəsini azaltmağa, həm də Qərbi Avropa habları ilə qiymət konvergensiyası, yəni yaxınlaşma üçün əsas yaratmağa imkan verib.

Bu ölkələrdə Azərbaycanın əhəmiyyəti ticarət müqavilələri çərçivəsindən kənara çıxıb: qaz daha müstəqil xarici siyasət yürütməyə və ümumavropa enerji bazarlarına inteqrasiyanı sürətləndirməyə imkan verən milli təhlükəsizliyin infrastruktur elementinə çevrilib.

Balkanlar və Aİ-dən kənar bazarlar: gələcək inkişaf məkanı

Əgər Cənubi Avropada Azərbaycan artıq öz mövqelərini möhkəmləndiribsə, Balkanlar və Aİ hüdudlarından kənarda yerləşən bir sıra ölkələr gələcək genişlənmə zonasını təşkil edir.

Serbiya, Sloveniya, Şimali Makedoniya, Bosniya və Herseqovina TAP və gələcək İon-Adriatik boru kəməri (IAP) ilə əlaqəli regional qaz şəbəkələrinə mərhələli şəkildə qoşulurlar. Bölgədəki hazırkı tədarük həcmləri ildə 0,5-1 milyard kubmetr olaraq qiymətləndirilir, lakin fiziki alternativin olması faktının özü ölkələrin digər ixracatçılar qarşısındakı danışıqlar mövqeyini dəyişir. Balkan ölkələri arasında Azərbaycan qazının alış həcminin artırılmasında xüsusi fəallığı artıq 400 milyon kubmetr tədarük üçün müqaviləsi olan, lakin orta müddətli perspektivdə ildə ən azı 1 milyard kubmetr qaz alışı səviyyəsinə çatmağı və 2030-cu ilə qədər isə bu tədarükü 1,4 milyard kubmetrə çatdırmaq imkanını nəzərdə tutan Serbiya nümayiş etdirir. Sırada həmçinin, qaz tədarükünün 2027-ci ildə başlaya və illik 200 milyon kubmetr həcmində ola biləcəyi Albaniya da var.

Bundan əlavə, Azərbaycan Aİ-yə daxil olmayan oyunçularla - İsveçrə, Moldova və Ukrayna ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. İmzalanmış memorandumlar və pilot tədarükləri nümayiş etdirir ki, Bakı özünü infrastrukturu və müqavilə çevikliyi həm Avropa tənzimləmələri çərçivəsində, həm də ondan kənarda işləməyə imkan verən universal tədarükçü kimi mövqeləndirir.

Mərkəzi Avropa: siyasi və enerji amili

Mərkəzi Avropada, xüsusən də Macarıstandakı vəziyyət xüsusi maraq doğurur. Rusiya ilə əməkdaşlığın qorunub saxlanmasına baxmayaraq, Budapeşt Serbiya ərazisindən 0,8 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü üçün müqavilələr bağlayıb. Avstriya və Almaniya 2026-cı ilin əvvəlində Azərbaycan qazını almağa başlayıb. Slovakiya uzun müddətdir ki, cənub marşrutları vasitəsilə Xəzər axınlarına qoşulmaq imkanlarını öyrənir. İndi ona Çexiya da qoşulub ki, onun da Baş naziri Andrey Babiş bu yaxınlarda 2028-2029-cu illərdə ildə 2 milyard kubmetrə qədər həcmdə Azərbaycan qazının alınması imkanlarını müzakirə etmək məqsədilə Azərbaycana səfər edib.

Bu kontekstdə Azərbaycan "yumşaq şaxələndirici" funksiyasını yerinə yetirir: o, ənənəvi tərəfdaşlarla siyasi əlaqələrin kəsilməsini tələb etmir, lakin Mərkəzi Avropa bazarlarının arxitekturasını tədricən dəyişən bir alternativ yaradır. Hətta məhdud həcmlər belə burada strateji çəkiyə malikdir, çünki onlar xarici şoklara və qiymət manipulyasiyalarına qarşı həssaslığı azaldır.

Azərbaycan, LNG və Norveç: bir sistemdə fərqli rollar

Avropanın müasir enerji sistemi mənbələrin bir-birini tamamlaması hesabına formalaşır.

Norveç ən böyük boru kəməri tədarükçüsü (Aİ idxalının təxminən 30 %-i) olaraq qalır, lakin onun istehsal gücləri platoya yaxındır, ixracın sonrakı artımı isə geoloji və investisiya məsələləri ilə məhdudlaşır.

LNG, ilk növbədə ABŞ-dən olanlar, əməliyyat çevikliyini təmin edir, lakin qlobal rəqabətdən, fraxt dəyərindən və spot dəyişkənliyindən asılı olaraq qalır. Aİ-nin Enerji Tənzimləyicilərinin Əməkdaşlıq Agentliyinin (ACER) məlumatlarına görə, 2024–2025-ci illərdə Aİ-nin cənub-şərqində boru kəməri qazı ilə bir sıra limanlarda LNG qiymətləri arasındakı fərq boru kəməri tədarüklərinin xeyrinə 20–30 %-ə çatıb.

Azərbaycan aralıq, lakin dayanıqlı mövqe tutur: neft/indekslərə qiymət bağlılığı olan uzunmüddətli müqavilələr, proqnozlaşdırıla bilən logistika, Cənub-Şərqi Avropa və Balkan bazarlarına qədər aşağı tranzit xərcləri. Onun rolunu tarazlaşdırıcı kimi müəyyən etmək olar: o, ən böyük tədarükçüləri əvəz etmir, lakin konsentrasiya risklərini azaldır və qiymət piklərini yumşaldır.

Məhdudiyyətlər və potensial

Azərbaycanın artan əhəmiyyəti obyektiv çağırışlardan xali deyil. Əsas məhdudiyyətlər: "Şahdəniz" yatağında hasilatın platoya çatması, yeni layihələrin ("Abşeron", "Ümid-Babək", Xəzərdəki digər sahələr) istismara verilməsinə dair zərurət, həmçinin əlavə kompressor stansiyalarına və TAP-ın genişləndirilməsinə olan ehtiyacdır.

Lakin bu məhdudiyyətlər artım potensialını cızır. SGC-nin genişləndirilməsi, regional interkonnektorların inkişafı və Avropa maliyyə institutları (ADB, EBRD, "InvestEU" mexanizmləri) ilə əməkdaşlığın dərinləşdirilməsi onilliyin sonuna qədər Azərbaycanın bazardakı iştirakını ildə 20 milyard kubmetrə çatdıra bilər. Bunun üçün imkanlar mövcuddur. Azərbaycan yaxın 5-10 il ərzində yeni layihələr çərçivəsində hasilatın artırılması və bərpa olunan enerji mənbələri (BOEM) layihələrinin icrası sayəsində elektrik stansiyalarında qaz istehlakına qənaət edilməsi hesabına hasilatı və ixrac potensialını 10-15 milyard kubmetr artırmağı və genişləndirməyi planlaşdırır.

Bundan əlavə, enerji tərəfdaşlığı karbohidrogenlər çərçivəsindən kənara çıxır. Bakıda keçirilən COP29-un yekunlarına görə "yaşıl keçid" sahəsində əməkdaşlıq fəallaşıb: Azərbaycan 2030-cu ilə qədər enerji balansında BOEM-in payını 38 %-ə çatdırmağı hədəfləyir (bunun üçün hazırda 8 QVt gücündə BOEM layihələri həyata keçirilir), hidrogen üzrə pilot layihələr icra olunur, Aİ-yə elektrik enerjisi ixracı üçün Gürcüstandan Rumıniyaya gedən sualtı kabel layihəsi və Azərbaycan vasitəsilə Avropaya uzanan digər enerji dəhlizləri üzərində işlər davam edir. Bu təşəbbüslər Bakını qalıq yanacağı tədarükçüsündən kompleks enerji tərəfdaşına çevirir.

Beləliklə, Avropanın yeni enerji arxitekturasında Azərbaycan tədricən məhdud ixracatçıdan diversifikasiya sisteminin elementinə çevrilir.

Mövcud infrastruktura, uzunmüddətli müqavilələrə və artan "yaşıl" gündəliyə əsaslanaraq, ölkə Avropa enerji sisteminin etibarlı, proqnozlaşdırıla bilən və çoxölçülü iştirakçısı kimi öz mövqelərini möhkəmləndirir.