Azərbaycan Avropanın sərbəst qaz bazarında bundan sonra da iştirak edəcək

Energetika
  • 19 yanvar, 2022
  • 14:47
Azərbaycan Avropanın sərbəst qaz bazarında bundan sonra da iştirak edəcək

Cənubi Qaz Dəhlizinin bir parçası olan TAP layihəsi vasitəsilə bir ildən çoxdur Avropaya qaz ixrac edən, 2021-ci ildə sərbəst bazarda, əsasən də İtaliyanın “Punto di Scambio Virtuale “ (PSV) qaz satışı mərkəzi vasitəsilə "Şahdəniz" qazının 1 mlrd kubmetrindən çoxunu satmış Azərbaycan qarşıdakı illərdə də bu imkanlardan yararlanmaq istəyir. 

Bunu “Report”a SOCAR-dakı mötəbər mənbə bildirib.

Şahdəniz qazının sərbəst bazardakı satışı məsələlərilə məşğul olan “Azerbaijan Gas Supply Company” (AGSC) hələ TAP layihəsi işə salınarkən mümkün əlavə qazın nəqli üçün ildə 700 milyon kubmetr ötürmə həcmini ehtiyat saxlayıb. 

“2013-cü ildə Bakıda 9 şirkətlə imzalanmış uzunmüddətli müqavilələr çərçivəsindəki qaz tədarükü cədvəlinə uyğun olaraq ötən il 2 şirkət növbəsi çatmadığı üçün qaz almayıb. Bununla belə "Şahdəniz"də gündəlik hasilatın orta hesabla 70 milyon kubmetr olduğu üçün əlavə qaz həcmi də çıxıb. TAP-da əlavə 700 milyon kubmetr qaz üçün ehtiyat yer olması və bundan əlavə də ehtiyat gücün qalması nəzərə almaqla AGSC 2021-ci ildə sərbəst bazarda 1 milyard kubmetrdən artıq qaz sata bilib” – deyə mənbə qeyd edib.

Sözügedən müqavilənin şərtlərinə görə ötən il 6,8 milyard kubmetr qaz İtaliyaya, 1,2 milyard kubmetr də Yunanıstan və Bolqarıstana ixrac edilib.

“2022-ci ildə Avropa 11 milyard kubmetrə qədər "Şahdəniz" qazı ala bilər. Amma AGSC sərbəst bazarda qaz satışı ilə bağlı 2021-ci il rekordunu təkrar edəcəyi ehtimalı azdır. Məsələ burasındadır ki, 2022-ci ilin iyul ayından Avropadakı qaz alıcıları ilə imzalanmış bütün uzunmüddətli müqavilələr tam həcmdə işə düşür. Ona görə də yalnız həmin yataqda hasilat həcminin müəyyən vaxtlarda ixracat üçün razılaşdırılmış həcmini üstələməsi halında əlavə qaz həcminin ixraca yönəlməsi mümkündür” – deyə mənbə fikrini dəqiqləşdirib.

Müqavilə şərtlərinə əsasən, bu il İtaliyaya 7 milyard kubmetrdən çox, Yunanıstana da 1 milyard kubmetr qaz ixrac olunacağı gözlənilir. Bolqarıstana isə qaz tədarükünün həcmi İGB layihəsinin (İnterconnector Greece Bulgaria) işə düşməsinə bağlıdır. 

“Ümidvarıq ki, 2022-ci ildə də, sonrakı illərdə də Azərbaycan qazını sərbəst bazarda satmaq imkanımız olar. Bu, ticarət baxımdan sərfəli olmaqla yanaşı Şahdənizin, sonrakı dövrdə isə başqa yataqlarımızın da imkanlarından bütövlükdə yararlanmaq imkanı yaradacaq” – deyə SOCAR nümayəndəsi vurğulayıb.