Azərbaycan Almaniyaya neft ixracından qazancını 34 %-dən çox artırıb

Energetika
  • 22 dekabr, 2023
  • 10:11
Azərbaycan Almaniyaya neft ixracından qazancını 34 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Almaniyaya 1 milyon 160 min 873,93 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 758 milyon 962,89 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Almaniyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 11 ayının göstəriciləri ilə müqayisədə 44,85 %, dəyəri isə 34,64 % çoxdur.

Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,8 % olub.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 milyon 199 min 455,59 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 15 milyard 099 milyon 942,85 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə