Pərviz Şahbazov: "Azərbaycanın qaz ixracının yarısı Avropaya yönəldilir" - YENİLƏNİB

Energetika
  • 02 oktyabr, 2026
  • 16:02
Pərviz Şahbazov: Azərbaycanın qaz ixracının yarısı Avropaya yönəldilir - YENİLƏNİB

Azərbaycanın qaz ixracının təxminən yarısı Avropa ölkələrinə yönəldilir.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Belçika Krallığının Brüssel şəhərində Avropa İttifaqının (Aİ) enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin rəhbərliyi ilə Azərbaycan ilə Aİ arasında strateji enerji tərəfdaşlığının inkişafı məqsədilə yaradılan Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclasında bildirib.

Onun sözlərinə görə, ötən il Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib, bu ilin ilk 8 ayında isə bu göstərici 7 milyard kubmetri ötüb.

Bu il Azərbaycan qazının ilk dəfə Almaniya və Avstriyaya tədarükünə başlanılması ilə Azərbaycan qazı alan Aİ dövlətlərinin sayı 10-a çatıb. Qaz hasilatının artırılması istiqamətində həyata keçirilən layihələr, o cümlədən "Şahdəniz Kompressiya", "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun qeyri-səmt qazı və "Abşeron" yatağının tammiqyaslı işlənməsi barədə məlumat verilib.

İclasda Azərbaycan ilə Aİ arasında enerji münasibətlərinin strateji və qarşılıqlı əhəmiyyət daşıdığı vurğulanıb. Enerji təchizatının təhlükəsizliyini gücləndirmək və eyni zamanda təmiz enerji tərəfdaşlığını inkişaf etdirmək istiqamətində əməkdaşlığın inkişafına qarşılıqlı maraq ifadə edilib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin cari ilin iyul ayında Bakıya səfərinin enerji bağlantıları üzrə tərəfdaşlığın yaradılmasındakı əhəmiyyəti qeyd edilib.

Görüşdə təbii qaz təchizatı, enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrinin inkişafı, elektrik şəbəkələrinin gücləndirilməsi, yaşıl enerji dəhlizləri, enerji səmərəliliyi və digər istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub. Aİ-də qaz təchizatının cari vəziyyəti, uzunmüddətli qaz tələbatı üzrə proqnozlar, Azərbaycanda qaz hasilatı, tələbatı və ixrac perspektivləri, metan emissiyalarının azaldılması kimi məsələlər nəzərdən keçirilib. Cənub Qaz Dəhlizi və təbii qaz sahəsində əməkdaşlığın Azərbaycan-Aİ enerji tərəfdaşlığının əsas istiqamətlərindən olduğu bildirilib.

Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətinin genişləndirilməsinin ilkin mərhələsinin həyata keçirildiyi və Cənub Qaz Dəhlizinin gələcəkdə daha da genişləndirilməsi üçün potensialın mövcud olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın xam neft ixracının əsas hissəsinin, təxminən 80 faizinin Avropa bazarına yönəldiyi qeyd olunub.

Azərbaycanda bərpa olunan enerjinin inkişafı və regional bağlantılar üzrə yeniliklər diqqətə çatdırılıb. Azərbaycanın Xəzər dənizində böyük dəniz külək enerjisi, eləcə də quruda əhəmiyyətli günəş enerjisi potensialına malik olduğu vurğulanıb. Bu potensialdan istifadə etməklə istehsal ediləcək yaşıl elektrik enerjisinin müvafiq bağlantılar və "Yaşıl Enerji Dəhlizi" vasitəsilə Avropaya çatdırılması imkanları müzakirə olunub. Həmçinin CESI şirkəti tərəfindən "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın nəticələrinin təqdimatı edilib. "Yaşıl Enerji Dəhliz"i üzrə əməkdaşlıq Aİ-nin elektrik şəbəkələri və elektrikləşdirmə, regionlararası bağlantılar gündəliyi və bu xüsusda dəstək tədbirləri müstəvisində dəyərləndirilib. Layihəyə Ortaq Maraqlar Layihəsi (PMI) statusunun verilməsinin vacibliyi vurğulanıb.

Müzakirələr zamanı enerji səmərəliliyi və metan emissiyalarının azaldılması çərçivəsində görülən tədbirlərlə bağlı da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycan ilə Aİ arasında enerji dialoqu 2022-ci ildən həyata keçirilir.

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji təhlükəsizliyi, etibarlı qaz təchizatı, bərpa olunan enerji və "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Brüsseldə Aİ-nin enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenlə Azərbaycan-Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclasını keçirilib.

O qeyd edib ki, Azərbaycan və Aİ arasında strateji enerji tərəfdaşlığının "yaşıl enerji" və elektrik enerjisi bağlantıları ilə daha da möhkəmləndirilməsinə qarşılıqlı marağıı ifadə edilib: "Avropada artan elektrikləşmə və "yaşıl enerji"yə tələbat fonunda Yaşıl Enerji Dəhlizi layihəsinin Ortaq Maraqlar Layihələri (PMI) siyahısına daxil edilməsinin əhəmiyyətini vurğuladıq".