Azərbaycan “AI-92” markalı benzinin idxalını 9 dəfəyə yaxın artırıb

Energetika
  • 16 iyul, 2025
  • 10:32
Azərbaycan “AI-92” markalı benzinin idxalını 9 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 64,395 milyon ABŞ dollarından çox məbləğdə 83 min tondan çox “AI-92” markalı avtomobil benzini idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə “Aİ-92” markalı benzinin idxalı kəmiyyət ifadəsində 8,5 dəfə, dəyər ifadəsində isə 8,2 dəfə artıb.

İdxalın strukturuna gəlincə, Azərbaycan Rusiyadan 42,522 milyon ABŞ dollar (+ 8,2 dəfə) dəyərində 64 min 834,47 ton (+ 6,6 dəfə) benzin idxal edib. Hesabat dövründə Azərbaycana “AI-92” markalı benzinin idxalında Rusiyanın payı 78,1 % təşkil edib.

Bundan başqa, Rumıniyadan 3 milyon ABŞ dolları dəyərində 3 min 670,04 ton, Belarusdan isə 12,61 milyon ABŞ dolları dəyərində 14 min 496,86 ton benzin idxal edilib.

Azərbaycanda "AI-92" markalı avtomobil benzini Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. 2024-cü ildə Azərbaycan "AI-92" markalı avtomobil benzini ixrac etməyib.