Azərbaycan "Aİ-92" markalı benzinin idxalını 49 %-ə yaxın artırıb

Energetika
  • 16 sentyabr, 2024
  • 06:11
Azərbaycan Aİ-92 markalı benzinin idxalını 49 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 43 min 668,43 ton "Aİ-92" markalı avtomobil benzini idxal edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 48,6 % çoxdur.

Məlumata görə, bu dövrdə idxal olunan benzinin dəyəri 35 milyon 925,77 ABŞ dolları (53,7 % çox) təşkil edib.

Rusiyadan idxalın strukturunda 38 min 534,33 ton "Aİ-92" markalı benzin (5,1 dəfə çox) 30 milyon 622,24 min ABŞ dolları (6,7 dəfə çox), qalan 5 min 134,11 ton isə 5 milyon 303,53 min ABŞ dolları məbləğində - Bolqarıstandan tədarük edilib (2023-cü ilin yanvar-iyul aylarında tədarük edilməyib).

Hesabat dövründə Rusiyadan benzin tədarükü Azərbaycana "Aİ-92" markalı benzinin bütün idxalının 88,2 %-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.