Azərbaycan “Abşeron” yatağından qaz hasilatını 3 dəfəyə yaxın artırıb

Energetika
  • 18 noyabr, 2024
  • 06:52
Azərbaycan “Abşeron” yatağından qaz hasilatını 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 41,5 milyard kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-oktyabr ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard kubmetr və 3,5 % artımla qaz hasil edilib.

Belə ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 6,4 milyard kubmetr təbii qaz hasil edib. SOCAR üzrə qaz hasilatının həcmi 2023-cü ilin ilk 10 ayı ilə müqayisədə 0,7 milyard kubmetr və ya 9,9 % azdır.

Bildirilir ki, hasil edilən qazın 10,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 22,9 milyard kubmetri “Şahdəniz” yatağından, 1,3 milyard kubmetri “Abşeron” yatağından hasil olunub.

2023-cü ilin ilk 10 ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,2 milyard kubmetr və ya 1,9 % çoxdur. “Şahdəniz” yatağından qaz hasilatı isə 1,1 milyard kubmetr və ya 5,05 % artıb.

“Abşeron” yatağından isə qaz hasilatı ilik müqayisədə 0,8 milyard kubmetr və ya 2,6 dəfə çoxdur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Lahiyədə BP (operator – 29,99%), “LUKoil” (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02 %), NİKO (10 %), MVM (5 %) təşkil edib.

"Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.