Azərbaycan ABŞ və Gürcüstandan “Aİ-98” benzini idxal etməyə başlayıb
- 18 yanvar, 2024
- 08:59
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 2,25 milyon ABŞ dolları dəyərində 1 min 869 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 12 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rumıniyadan 995,19 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % çoxdur) 814,1 ton (+24 %), Belarusdan 725,68 min ABŞ dolları dəyərində 593,8 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 402,56 min ABŞ dolları dəyərində (-68 %) 357,1 ton (-65 %), Gürcüstandan 127,8 min ABŞ dolları dəyərində 104,24 ton və Amerika Birləşmiş Ştatlarından (ABŞ) 1,72 min ABŞ dolları dəyərində 0,04 ton benzin alıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq ABŞ və Gürcüstandan tədarük həyata keçirilib.