Azərbaycan 8 ayda 58 milyon dollarlıq elektrik enerjisi ixrac edib

Energetika
  • 24 sentyabr, 2024
  • 13:02
Azərbaycan 8 ayda 58 milyon dollarlıq elektrik enerjisi ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 57,5 milyon ABŞ dolları dəyərində 1 milyard 18,685 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən elektrik enerjisinin dəyəri 81,7 %, həcmi isə 64 % azalıb.

Avqustda isə ölkədən 5,7 milyon ABŞ dolları məbləğində 77,5 milyon kVt/saat elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 9,7 dəfə və 3,7 dəfə çoxdur.

8 ay ərzində Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.