Azərbaycan 8 ayda İtaliyaya 6,6 milyard kubmetrdən çox qaz ixrac edib

Energetika
  • 21 oktyabr, 2024
  • 09:37
Azərbaycan 8 ayda İtaliyaya 6,6 milyard kubmetrdən çox qaz ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 6 milyard 655 milyon 245,56 min kubmetr qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Bu dövrdə İtaliyaya tədarük edilən Azərbaycan qazının dəyəri 2 milyard 637 milyon 368,59 min ABŞ dolları təşkil edib.

İtaliyaya qaz tədarükü miqdar ifadəsində 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 % artıb, dəyər ifadəsində isə 2,4 dəfə azalıb.

Ümumiyyətlə, bu ilin 8 ayında Azərbaycan 5 milyard 455 milyon 694,22 min ABŞ dolları (-1,9 dəfə) dəyərində 15 milyard 826 milyon 739,84 min kubmetr qaz (-9 %) ixrac edib. Qaz 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana ixrac edilib.

Hesabat dövründə Azərbaycan qazının alış həcminə görə TOP-3-ə Türkiyə, İtaliya və Bolqarıstan daxil olub. Azərbaycandan ümumi qaz ixracının 42,1 %-i İtaliyanın payına düşüb.

2023-cü ildə Azərbaycan İtaliyaya 8 milyard 052 milyon 416,09 min ABŞ dolları dəyərində 10 milyard 705 milyon 462 min kubmetr qaz ixrac edib. Bu, 2022-ci ilin göstəricisinə nisbətən miqdar ifadəsində 30,4 % çox, dəyər ifadəsində isə 27,1 % azdır.

Qeyd edək ki, Azərbaycan qazının Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Bu günə qədər TAP-ın ötürmə qabiliyyəti 12 milyard kubmetri ötüb, 2027-ci ilin sonunadək isə 20 milyard kubmetrə çatdırılacaq.

44 - Tezliklə