Azərbaycan 3 Latın Amerika ölkəsinə aviasiya yanacağı ixracını bərpa edib
- 25 yanvar, 2023
- 10:24
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 121 milyon ABŞ dolları dəyərində 107 min 853 ton aviasiya yanacağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,8 dəfə, kəmiyyət olaraq – 38 % çoxdur.
Hesabat dövründə Lüksemburqa 62,225 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,9 dəfə çoxdur) 62 min 195 ton (+38,5 %), Rusiyaya 14,328 milyon ABŞ dolları dəyərində (+5,6 dəfə) 11 min 694 ton (+3,5 dəfə), Türkiyəyə 11,934 milyon ABŞ dolları dəyərində (+3,2 dəfə) 9 min 935 ton (+2 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 6,685 milyon ABŞ dolları dəyərində (+51 dəfə) 5 min 491 ton (+33 dəfə), Almaniyaya 2,665 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 2 min 226 ton (+51,2 %) məhsul satılıb.
Üç il 8 ayın tamamında Meksikaya, 2 il 11 aylıq fasilənin ardından Venesuelaya və 2 il 6 aylıq aradan sonra Braziliyaya tədarük bərpa edilib.
Həmin ölkələr Azərbaycandan müvafiq olaraq 9,8 min ABŞ dolları dəyərində 6,3 ton, 23,73 min ABŞ dolları dəyərində 14,97 ton və 2 min ABŞ dolları dəyərində 2,23 ton yanacaq alıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın ixrac etdiyi (55 ölkəyə) 84,61 min ton aviasiya yanacağının 56,5 % Lüksemburqun payına düşüb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur.