Azərbaycan 11 ayda elektrik enerjisi ixracından 94 milyon dollar gəlir götürüb

Energetika
  • 20 dekabr, 2024
  • 09:39
Azərbaycan 11 ayda elektrik enerjisi ixracından 94 milyon dollar gəlir götürüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 93 milyon 934,1 min ABŞ dolları dəyərində 1 milyard 745 milyon 248,7 min kVt/saat elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən elektrik enerjisinin dəyəri 75,2 %, həcmi isə 55,5 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 3,55 % təşkil edir.

Noyabrda isə ölkədən 372,9 min ABŞ dolları məbləğində 11 milyon 916,7 min kVt/saat elektrik enerjisi ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 83,6 dəfə və 43 dəfə azdır.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 648 milyon 607,4 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, illik müqayisədə 2,4 % azdır.

11 ayda Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.