Azərbaycan 11 ayda 6,5 min tona yaxın "Aİ-92" markalı benzin ixrac edib

Energetika
  • 27 yanvar, 2026
  • 10:22
Azərbaycan 11 ayda 6,5 min tona yaxın Aİ-92 markalı benzin ixrac edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 4 milyon 85,18 min ABŞ dolları dəyərində 6 min 456,99 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

İxracın əsas həcmi isə Türkiyənin payına düşüb. Belə ki, bu ölkəyə 1 milyon 650,06 min ABŞ dolları dəyərində 3 min 65,74 ton, Əfqanıstana isə 1 milyon 631,35 min ABŞ dolları dəyərində 2 min 297,68 ton benzin tədarük olunub.

Hesabat dövründə Gürcüstana 803,77 min ABŞ dolları dəyərində 1 min 93,57 ton benzin ixrac edilib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan "Aİ-92" markalı avtomobil benzini ixrac etməyib.

Sonuncu dəfə 2021-ci ildə Azərbaycandan 27,98 min ABŞ dolları dəyərində 44,94 ton "Aİ-92" markalı benzin Gürcüstana ixrac olunub.

Azərbaycanda "Aİ-92" markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. Zavod 2024-cü ilin yayından "Premium Euro-95" markalı benzinin istehsalına başlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti