Azad edilmiş ərazilərdə "yaşıl enerji" ilə bağlı konsepsiya hazırlanır
- 06 oktyabr, 2021
- 11:57
Yeniliklərdən dərhal xəbərdar olun!
“İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonalarının yaradılması üçün beynəlxalq məsləhətçi ilə birgə konsepsiya sənədi hazırlanır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələdirilməsi: COVID-19 pandemiyasından dayanaqlı və "yaşıl" bərpa” mövzusunda tədbirdə deyib.
O bildirib ki, hökumətin təsdiqindən sonra bu, baş plana, daha detallı plana çevriləcək: “Burda məqsəd Qarabağın bütün elektrik enerjisinə ehtiyacının "yaşıl enerji"dən təmin edilməsidir. Bizim işğaldan azad edilmiş ərazilərlə bağlı potensialımız yüksəkdir. Həmçinin, Araz çayı üzərində elektrik stansiyasının tikintisi iki il ərzində yekunlaşacaq. Bununla yanaşı, Qarabağın cənub hissəsində -Cəbrayıl rayonunda 240 meqavatlıq günəş stansiyasının tikintisi üçün müqavilə imzalanıb”.
E.Soltanov əlavə edib ki, Azərbaycanın digər ərazilərində - Ələtdə, Xızıda günəş, külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur: “Artıq bu istiqamətdə müqavilələr imzalanıb”.
Qeyd edək ki, azad olunmuş ərazilərin 7 200 meqavat günəş, 2 000 meqavat külək enerjisi potensialı var. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30 %-ə çatdırılmasının (hazırda 17 % təşkil edir) hədəf kimi müəyyənləşib.