Avqust ayı üçün Qazaxıstan neftinin BTC ilə tranzit həcmi müəyyən edilib

Energetika
  • 07 avqust, 2024
  • 06:19
Avqust ayı üçün Qazaxıstan neftinin BTC ilə tranzit həcmi müəyyən edilib

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac üçün Aktaudan Bakıya 120 min ton Qazaxıstan nefti tədarük olunacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Qazaxıstanın "KazMunayQaz" (KMG) dövlət neft-qaz şirkətindən məlumat verilib.

“Avqustda BTC kəməri ilə ixrac üçün 120 min ton Qazaxıstan neftinin Aktau limanından Bakı istiqamətində göndərilməsi planlaşdırılır. Bu ilin yanvar-iyul aylarında bu göstərici 837 min ton təşkil edib”, - şirkətdən bildirilib.

KMG-nin məlumatına görə, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə Qazaxıstan neftinin BTC ilə tranziti 365 min ton və ya 77,3% artıb.

Şirkət əlavə edib ki, ümumilikdə bu il 1,5 milyon ton Qazaxıstan neftinin BTC vasitəsilə sonrakı ixracı üçün Aktaudan Bakıya tədarükü planlaşdırılır.

Xəbər verildiyi kimi, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan çox Qazaxıstan nefti göndərilib.

Xatırladaq ki, 2022-ci ildə KMG və SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu ilə illik 1,5 milyon ton neftin tranziti haqqında beşillik müqavilə bağlanıb.

44 - Tezliklə