Astana Xəzər Boru Kəməri Konsorsiumu tankerlərinin təhlükəsizliyinin gücləndirilməsini istəyir
- 14 yanvar, 2026
- 15:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumu dəniz terminalına gedən tankerlərə PUA hücumları ilə əlaqədar karbohidrogenlərin daşınmasının təhlükəsizliyinin təmin edilməsi üçün təsirli tədbirlərin görülməsinin zəruriliyini bəyan edib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in bəyanatında bildirilib.
"Qazaxıstan XİN yanvarın 13-də Qara dəniz akvatoriyasında Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalına gedən üç tankerə pilotsuz dronlarla edilən hücumlarla əlaqədar ciddi narahatlığını ifadə edir. Bir sıra Avropa ölkələrinin səfirləri ilə keçirilən təcili görüşlər, eləcə də ABŞ tərəfi və digər xarici tərəfdaşlarla əlaqələr zamanı beynəlxalq hüquq normalarına uyğun olaraq, karbohidrogenlərin dəniz yolları ilə daşınmasının təhlükəsizliyini təmin etmək üçün təsirli tədbirlər görülməsinin zərurəti vurğulanıb", - məlumatda deyilib.
Bəyanatda qeyd olunub ki, Qazaxıstan silahlı münaqişənin tərəfi deyil, qlobal və Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə əhəmiyyətli töhfə verir və beynəlxalq normalara tam uyğun olaraq enerji təchizatının fasiləsiz keçirilməsini təmin edir.
Nazirlik vurğulayıb ki, tanker gəmiləri bütün lazımi icazələrə malik idi və tələb olunan identifikasiya avadanlığı ilə təchiz edilmişdi.
"Qeyd edirik ki, bu cür hadisələrin sayının artması beynəlxalq enerji infrastrukturunun fəaliyyətinə artan risklərdən xəbər verir və tərəfdaşları gələcəkdə bu cür hadisələrin qarşısını almaq üçün birgə tədbirlərin hazırlanması istiqamətində sıx əməkdaşlıq etməyə çağırırıq", - Qazaxıstan XİN əlavə edib.