Arzu Cavadova: "SOCAR neft-qaz kəşfiyyatı fəaliyyətlərini sürətləndirir"

Energetika
  • 02 iyun, 2026
  • 11:59
Arzu Cavadova: SOCAR neft-qaz kəşfiyyatı fəaliyyətlərini sürətləndirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanda enerji tələbatının uzunmüddətli perspektivdə artacağını nəzərə alaraq neft-qaz kəşfiyyatı fəaliyyətlərini sürətləndirir.

"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Arzu Cavadova Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, şirkətin əsas məqsədi Azərbaycandakı mövcud kəşfiyyat imkanlarını yenidən qiymətləndirmək, perspektivli layihələr portfeli formalaşdırmaq və həyata keçirilməyə hazır layihələri prioritetləşdirməkdir: "SOCAR layihələri müxtəlif meyarlar üzrə qiymətləndirərək bir hissəsini müstəqil şəkildə həyata keçirməyi, digər hissəsini isə potensial investorlarla risk və xərcləri bölüşmək prinsipi əsasında inkişaf etdirməyi planlaşdırır".

O qeyd edib ki, bu məqsədlə geoloqlar, geofiziklər və digər sahə mütəxəssislərindən ibarət güclü komanda yaradılıb, yeni alətlər tətbiq olunub, proseslər qurulub və məlumat otaqları (data room) təşkil edilib: "Ötən il yaradılan məlumat otaqları nəticəsində investorların marağı əhəmiyyətli dərəcədə artıb. Bir sıra sazişlər imzalanıb, bəziləri üzrə danışıqlar davam edir, yeni razılaşmalar isə yaxın vaxtlarda açıqlanacaq".

44 - Tezliklə