ARDNF-in "Şahdəniz"in işlənməsindən gəlirləri 3 %-dən çox artıb
- 23 iyul, 2026
- 13:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsindən 437,1 milyon manat gəlir əldə edib.
Bu barədə "Report"a Fonddan məlumat verilib.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 milyon manat və ya 3,3 % çoxdur.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
"Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), NİKO (10 %), "Cənub Qaz Dəhlizi" (16,02 %), MVM (5 %).