ARDNF AÇG-nin işlənməsindən 3,6 milyard dollardan çox gəlir əldə edib
- 23 oktyabr, 2025
- 11:30

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsindən 3 milyard 637,570 milyon ABŞ dolları (6 milyard 183,9 milyon manat) məbləğində gəlir əldə edib.
Bu barədə "Report"a Fonddan məlumat verilib.
Məlumata görə, bu, 2024-cü ilin üç rübü ilə müqayisədə 966,1 milyon ABŞ dolları və yaxud 21 % azdır.
2024-cü ilin ilk üç rübü ərzində ARDNF yataqlar blokunun işlənməsindən 4 milyard 603,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,925 %) pay sahibidir.