ARDNF "Şahdəniz"in işlənməsindən gəlirlərini 12 %-dən çox artırıb
- 23 oktyabr, 2025
- 11:40

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsindən 410,027 milyon ABŞ dolları (697 milyon manat) gəlir əldə edib.
Bu barədə "Report"a Fonddan məlumat verilib.
Məlumata görə, bu, 2024-cü ilin ilk 9 ayının göstəricisi ilə müqayisədə 45,562 milyon ABŞ dolları və ya 12,5 % çoxdur.
2024-cü ilin üç rübü ərzində "Şahdəniz" yatağı üzrə işlənmədən əldə etdiyi gəlir 364,465 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
"Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), NİKO (10 %), "Cənub Qaz Dəhlizi" (16,02 %), MVM (5 %).