Almaniya şirkəti Qara dəniz sualtı enerji kabeli layihəsinə qoşulub

Energetika
  • 07 oktyabr, 2025
  • 13:17
Almaniya şirkəti Qara dəniz sualtı enerji kabeli layihəsinə qoşulub

Almaniyanın "Siemens Energy Global GmbH & Co. KG" şirkəti və Azərbaycandan Gürcüstana və daha sonra Avropaya "yaşıl enerji"nin tədarükünü nəzərdə tutan Qara dəniz sualtı enerji kabeli layihəsinin idarə edilməsini həyata keçirən "Green Energy Corridor Power Company" (GECO) birgə müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, imzalanma mərasimi "Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025" çərçivəsində baş tutub.

Sazişdə HVDC texnologiyasından (yüksək gərginlikli birbaşa cərəyan ötürmə sistemi - red.) istifadə edilməklə "yaşıl enerji"nin ötürülməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. 2023-cü ildə Bolqarıstan layihəyə qoşulmaq niyyətində olduğunu bildirib. Həmin il Bolqarıstan Nazirlər Şurası "Bulgarian Energy Holding EAD" şirkətinin layihənin həyata keçirilməsi üzrə birgə müəssisədə iştirakını təsdiqləyib.

2024-cü ilin mayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - "Azərenerji", "Gürcüstan Dövlət Elektrosistem", "Transelectrica" və MVM arasında birgə müəssisənin yaradılması haqqında memorandum imzalanıb, sentyabrda isə "Green Energy Corridor" (GECO) birgə müəssisəsinin təsis edilməsi haqqında səhmdar müqaviləsi bağlanıb.

İlkin mərhələdə kabel 4 GVt "yaşıl enerji"nin ixracı üçün nəzərdə tutulacaq. Tikinti işləri 3,5 milyard avro dəyərində qiymətləndirilir və 3-4 il davam edəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti