Almaniya səfiri: "Azərbaycanla bərpa olunan enerji əməkdaşlığının potensialı yüksəkdir"

Energetika
  • 07 oktyabr, 2025
  • 13:59
Almaniya səfiri: Azərbaycanla bərpa olunan enerji əməkdaşlığının potensialı yüksəkdir

Almaniya və Azərbaycan enerji sahəsində bir neçə istiqamətdə əməkdaşlıq edə, həmçinin nəqliyyat və logistika sektorunda perspektivli sahələri müəyyənləşdirərək inkişaf etdirə bilər.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025" çərçivəsində keçirilən mətbuat konfransında "Report"un sualını cavablandırarkən deyib.

Diplomat qeyd edib ki, hazırda siyasi və iqtisadi-siyasi baxımdan mövcud şərtlər Almaniya və Azərbaycan şirkətləri arasında, eləcə də Azərbaycan dövləti ilə daha dərin əməkdaşlıq üçün çox əlverişli görünür.

"Biz həqiqətən də potensial görürük, xüsusilə də enerji sahəsində və enerjinin gələcəyi olan bərpa olunan enerjidə. Bununla belə, biz neft və qaz ticarətində malik olduğumuz imkanlardan istifadə edirik. Almaniyanın SEFE dövlət şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında növbəti 10 il ərzində ildə 1,5 milyard kubmetr qazın idxalına dair imzalanmış saziş buna nümunədir. Beləliklə, biz enerji sahəsində bir neçə istiqamətdə işləyə və Azərbaycanla Avropa arasında Ermənistan vasitəsilə hələ mövcud olmayan bağlantı da daxil olmaqla nəqliyyat-logistika sektorundakı sahələri müəyyən edə və ya inkişaf etdirə bilərik. Məqsəd infrastrukturu yaxşılaşdırmaqla bərabər, həm də Şərqdən Qərbə və Qərbdən Şərqə ticarət axınlarına real təkan verməkdir. Buna görə də enerji və logistika, yaxud nəqliyyat bağlantısı çox vacibdir", - R.Horlemann vurğulayıb.

Səfir qeyd edib ki, 3-cü element ölkə iqtisadiyyatının güclü enerji asılılığından digər sektorlara keçid etməsinə kömək etmək üçün Azərbaycana alman texnologiyaları, təcrübəsi və ekspertizasının təklif edilməsidir.

"Bu, Azərbaycanın bir çox vətəndaşına gəlir gətirəcək yeni və dayanıqlı iş yerləri yaratmağa imkan verəcək", - R.Horlemann əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti