Albaniyanın Milli İdarəsi: Kibermüdafiə TAP marşrutu boyunca - Xəzərdən Adriatikə qədər təmin olunmalıdır - MÜSAHİBƏ

Energetika
  • 22 oktyabr, 2025
  • 15:20
Albaniyanın Milli İdarəsi: Kibermüdafiə TAP marşrutu boyunca - Xəzərdən Adriatikə qədər təmin olunmalıdır - MÜSAHİBƏ

Regionda ən böyük kiberhücumlardan birinə məruz qalmış Albaniya bu gün fəal şəkildə kiberdayanıqlıq sistemi quraraq, beynəlxalq əməkdaşlığa və kadrların inkişafına diqqət ayırır. Azərbaycan qazının Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə tədarükünün başlanması ərəfəsində enerji infrastrukturunun rəqəmsal müdafiəsi xüsusilə aktual mövzudur.

Albaniyanın kibertəhlükəsizlik üzrə milli koordinatoru və Milli Kibertəhlükəsizlik İdarəsinin baş direktoru İqli Tafa "Report"a müsahibəsində kibertəhlükəsizliyin regional prioritet kimi nəzərdən keçirilməsinin vacibliyi, Albaniyanın irimiqyaslı hücumlardan sonra çıxardığı dərs və Azərbaycanla tərəfdaşlığın enerji sektorunun rəqəmsal təhlükəsizliyini necə gücləndirə biləcəyi barədə danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- 2026-cı ildə Albaniya TAP vasitəsilə Azərbaycan qazını almağa başlayacaq. Ölkələrimiz arasında kritik enerji infrastrukturu vasitəsilə qarşılıqlı əlaqə artdıqca, ümumi enerji dəhlizlərini qorumaq məqsədilə tranzit və qəbul edən ölkələr hansı kibertəhlükəsizlik çərçivələri tətbiq etməlidir? Albaniya transsərhəd enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində artıq hansı təcrübəyə malikdir?

- Qeyd etdiyiniz kimi, Azərbaycan qazını Adriatik dənizinə nəql edən TAP kimi birgə layihəmiz var. Bu layihə Albaniyanı və Azərbaycanı birləşdirir və hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Bu gün energetika iqtisadiyyatın ən vacib və ən həssas sektorlarından biridir.

Enerji təhlükəsizliyi milli sabitliyin əsas elementidir. TAP bir neçə ölkənin ərazisindən keçdiyinə görə kibertəhlükəsizlik məsələlərinin bu layihəni qaz hasilatı, nəqli və paylanmasına qədər bütün mərhələlərdə müşayiət etməsi son dərəcə vacibdir.

Albaniyada biz transsərhəd uyğunluğuna və beynəlxalq qarşılıqlı fəaliyyətə xüsusi önəm veririk. Albaniya kimi kiçik bir ölkə üçün tərəfdaşlarla səylərin birləşdirilməsi həlledici əhəmiyyətə malikdir. Enerji infrastrukturunun qorunması sahəsində Azərbaycanla əməkdaşlıq burada aparıcı rol oynayır.

Hazırda biz enerji sektorunu fəal şəkildə modernləşdiririk, əməliyyat texnologiyalarına (OT) və dispetçer idarəetməsi və məlumatların toplanması sistemlərinə (SCADA) əsaslanan müasir həllər tətbiq edirik. Bu texnologiyalar çevikliyi və səmərəliliyi təmin etməklə yanaşı, həm də kiberriskləri artırır. Buna görə də biz kibermüdafiə alətlərinin uyğunlaşdırılmasına və təkmilləşdirilməsinə böyük diqqət yetiririk.

Kibertəhlükəsizlik yalnız bir ölkənin sərhədləri daxilində nəzərdən keçirilə bilməz - bu, inteqrasiya və təcrübə mübadiləsi tələb edən sahədir. Əminəm ki, Azərbaycanla əməkdaşlığımız təkcə hər iki ölkəyə deyil, həm də bütün Qərbi Balkan regionuna nəzərəçarpacaq fayda gətirməklə, təhlükəsiz kiberməkanın dayanıqlı ekosisteminin formalaşmasına töhfə verəcək.

- Albaniyanın regionda ən böyük kiberhücumlardan birinə məruz qalması nəticəsində dövlət xidmətlərinin işində pozuntuların yaranması təxirəsalınmaz cavab tədbirlərinin görülməsini zəruri etdi. Hansı protokollar daha səmərəli oldu və bu cür hücumlardan sonra cavab və bərpa sistemlərinin qurulması üçün digər ölkələrin hansı addımlar atmasını tövsiyə edirsiniz?

- Artıq qeyd etdiyim kimi, həm ölkə daxilində, həm də beynəlxalq tərəfdaşlarla koordinasiya və əməkdaşlıq həlledici amil oldu. Albaniya kritik dövlət xidmətlərini hədəf alan irimiqyaslı hücuma məruz qaldı. Dövlət xidmətlərimizin 97 %-dən çoxu rəqəmsallaşdırıldığı üçün yeni texnologiyaların tətbiq sürətinin bizim kibermüdafiə səviyyəmizi qabaqladığını başa düşdük.

Bu boşluğu aradan qaldırmaq üçün milli kibertəhlükəsizlik sistemimizin əsas elementi olan Məlumat Mübadiləsi üzrə İnformasiya-Analitik Mərkəzini (iSAC) yaratdıq. Onun vəzifəsi kritik infrastrukturun qorunmasını əlaqələndirmək, təhdidləri təhlil etmək və çevik cavab tədbirləri həyata keçirməkdir. Mərkəz həm proaktiv, həm də reaktiv rejimdə işləyir: boşluqları müəyyən edir, riskləri təhlil edir, təşkilatlara boşluqları aradan qaldırmaqda köməklik göstərir.

Bununla yanaşı, biz kadr potensialını fəal şəkildə inkişaf etdiririk - mütəxəssislərə təlim keçir, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil proqramlarını yeniləyir, diqqəti nəzəri hazırlıqdan praktiki bacarıqlara yönəldirik. Bundan başqa, normativ baza gücləndirilib və kibertəhlükəsizlik sahəsində sertifikatlı ekspertlərin iştirakı mütləqdir.

Bütün bu tədbirlər hücumlardan sonra uzlaşdırılmış cavab və bərpa strategiyasını təmin edən iSAC-ın idarəçiliyi altında birləşdirilib. Bizim çıxardığımız əsas dərs bundan ibarətdir ki, hətta irimiqyaslı kiberhücumlardan sonra belə etibar və sabitlik qorunmalıdır. Albaniya iki sütuna - beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq və kibertəhlükəsizlik sisteminin bütün iştirakçıları arasında daxili koordinasiyanın gücləndirilməsinə əsaslanaraq bərpa ola bildi.

- Enerji sektorunda Albaniya və Azərbaycan kimi tərəfdaşlar dövlət qurumlarından qaynaqlanan mürəkkəb hücumlara qarşı birgə kibermüdafiəni necə gücləndirə bilərlər? Ümumi strateji infrastruktura malik ölkələr üçün hansı ikitərəfli əməkdaşlıq modelləri daha səmərəlidir?

- Albaniya enerji infrastrukturuna qarşı mümkün kiberhücumların modelləşdiriləcəyi əməliyyat texnologiyaları əsasında laboratoriya yaratmağı planlaşdırır. Bu, boşluqları aşkar etməyə və səmərəli cavab mexanizmləri hazırlamağa imkan verəcək. Azərbaycan artıq bu sahədə böyük təcrübəyə malikdir və hazırda biz kiberenerji sahəsində, xüsusilə OT, IT və sənaye idarəetmə sistemləri (ICS) üzrə potensialı fəal şəkildə inkişaf etdiririk. Süni intellekt, nanotexnologiyalar və blokçeyn kimi yeni texnologiyaların sürətli tətbiqi şəraitində ölkələrimiz arasında səylərin əlaqələndirilməsi xüsusilə vacib hal alır.

Birgə iş enerji sistemlərinin dayanıqlığını artırmaqla yanaşı, həm də enerji kibertəhlükəsizliyi sahəsində karyera qurmağa maraq göstərən gənc mütəxəssislər üçün yeni imkanlar yaradacaq. Albaniyada biz süni intellekt elementlərinə inteqrasiya olunmuş OT, ICS və SCADA əsasında müasir həllər tətbiq edərək infrastrukturu fəal şəkildə yeniləyirik. Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq üçün böyük perspektivlər görürük.

Biz həm Albaniyanın, həm də bütün regionun maraqlarına xidmət edəcək enerji laboratoriyası yaratmaq niyyətindəyik. Məqsədimiz Azərbaycan da daxil olmaqla tərəfdaşlarımızla birlikdə enerji sektorunun kibertəhlükəsizliyi sahəsində bacarıqların inkişafının iqtisadi dayanıqlığın və milli təhlükəsizliyin əsas amili olduğunu nümayiş etdirməkdir.

- Albaniya kibertəhlükəsizlik sahəsində, xüsusilə də kritik infrastrukturun qorunması üçün milli kadrları və bacarıqları necə inkişaf etdirir? Hansı dövlət-özəl tərəfdaşlığı modelləri daha yüksək səmərəlilik nümayiş etdirib və onları məhdud resurslara malik ölkələrdə uyğunlaşdırmaq mümkündürmü?

- Albaniya kiçik ölkədir və biz kibertəhlükəsizlik sahəsində ciddi kadr çatışmazlığı ilə üzləşirik. Təkcə 88 dövlət qurumunda təxminən 400 mütəxəssis çatışmazlığı aşkar etmişik. Bu, yeni kadrların hazırlanması üçün sistemli yanaşma və sürətləndirilmiş tədbirlər tələb edən mühüm bir çağırışdır.

Buna cavab olaraq, insan kapitalının inkişafına və dayanıqlı kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına xüsusi diqqətin yetirildiyi 2025-2030-cu illər üçün Milli Kibertəhlükəsizlik Strategiyası hazırlamışıq. Bu gün biz diqqətimizi iki əsas istiqamət üzərində cəmləmişik.

Birinci istiqamət kritik infrastruktur obyektlərinin işçiləri arasında bilik və rəqəmsal mədəniyyət səviyyəsinin artırılmasıdır. Biz personala kibertəhdidləri müəyyən etməyi, insidentlərə reaksiya verməyi və yeni texnologiyaların istifadəsi ilə bağlı riskləri anlamağı öyrədirik.

İkinci istiqamət tədris proqramlarının yenilənməsi üçün universitetlər və özəl sektorla tərəfdaşlıqdır. Biz real keyslərə, laboratoriya təlimlərinə və kadr hazırlığı prosesində biznesin iştirakına diqqət yetirməklə kibertəhlükəsizlik sahəsində təhsilin daha praktik yönümlü olmasına çalışırıq.

Son xəbərlər

Bütün Xəbər Lenti