Aktau limanından BTC ilə nəql edilən Qazaxıstan neftinin həcmi açıqlanıb

Energetika
  • 04 sentyabr, 2023
  • 13:41
Aktau limanından BTC ilə nəql edilən Qazaxıstan neftinin həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Qazaxıstanın Aktau limanından Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilməsi üçün 2,1 milyon ton neft tədarük edilib.

Bu barədə “Report” “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti“ SC-yə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 58 % çoxdur.

Ümumilikdə, 7 ayda Aktau dəniz ticarət limanı vasitəsilə 2,6 milyon tondan çox quru yüklər və neft daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 % çoxdur,

Hesabat dövründə liman ilə həmçinin 142 min ton taxıl, 114 min ton metal, 13 mindən çox konteyner daşınıb. Aktau limanı vasitəsilə əlvan metalların ixracının artması hesabına metaldan hazırlanmış məmulatların daşınması 87 % artıb.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

"Azərbaycan Dəmir Yolları" QSC "Qazaxıstan Dəmir Yolu” SC ilə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisə yaratmaq haqqında saziş imzalayıb. Müəssisənin yaradılmasında əsas məqsəd Orta Dəhlizlə yük daşımalarının həcmini əhəmiyyətli dərəcədə artırmaqdır.

44 - Tezliklə