"AHK Azerbaijan": Alman investorların Azərbaycanın enerji sektoruna dair məlumata ehtiyacı var

Energetika
  • 07 sentyabr, 2026
  • 15:10
AHK Azerbaijan: Alman investorların Azərbaycanın enerji sektoruna dair məlumata ehtiyacı var

Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azerbaijan") Azərbaycanda enerji keçidi layihələrinə Almaniyadan investisiyaların cəlb edilməsi üçün böyük imkanların olduğunu qeyd edir, bununla belə, investorlar məlumat çatışmazlığı ilə üzləşirlər.

"Report" xəbər verir ki, bunu "AHK Azerbaijan"ın icraçı direktoru Narqis Vik (Nargis Wieck) Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən panel müzakirədə deyib.

"Almaniya biznesinin enerji keçidində iştirakı təkcə texnologiya və ya avadanlıq ixracı deyil - bu, Almaniyadan birbaşa investisiyaların cəlb edilməsidir. Bu cür layihələr uzunmüddətli perspektiv üçün nəzərdə tutulub və bazarın açıqlığı həlledici amilə çevrilir: investorlara milli strategiya haqqında aydın təsəvvür və maliyyə risklərini qiymətləndirmək üçün alətlər lazımdır", - N.Vik vurğulayıb.

Onun sözlərinə görə, hazırda Almaniya tərəfi Xəzər regionu və Mərkəzi Asiyada iqtisadi və enerji prosesləri ilə bağlı bu ölkənin işgüzar dairələrində informasiya qıtlığının aradan qaldırılması ilə məşğul olur. Bu fəaliyyəti təmzimləmək məqsədilə AHK ən perspektivli istiqamətlərdə sahə klasterləri yaradır. N.Vik xarici kapital axınının artırılması üçün ən vacib şərtlər sırasında beynəlxalq sertifikatlaşdırma standartlarının tətbiqini, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin möhkəmləndirilməsini xüsusi qeyd edib.

"Almaniyada enerji keçidi modeli ənənəvi olaraq "aşağıdan yuxarıya" prinsipi əsasında - əhalinin məlumatlandırılması, mərkəzsizləşdirmə və bazar iştirakçılarının fəal iştirakı vasitəsilə qurulur. Bu təcrübəyə, eləcə də istilik və elektrik enerjisinin mərkəzsizləşdirilmiş istehsalı üçün bərpa olunan enerji mənbələrinin tətbiqinə Azərbaycanda da böyük tələbat var", - "AHK Azerbaijan"ın icraçı direktoru bildirib.

44 - Tezliklə