Agentlik sədri: "Damüstü günəş panellərinin istifadəsi yaxın vaxtlarda genişlənəcək"

Energetika
  • 07 sentyabr, 2026
  • 11:42
Agentlik sədri: Damüstü günəş panellərinin istifadəsi yaxın vaxtlarda genişlənəcək

Azərbaycanda damüstü günəş panellərinin istifadəsi yaxın vaxtlarda genişlənəcək.

Bunu "Report"a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayev deyib.

Onun sözlərinə görə, damüstü günəş panelləri ilə bağlı mexanizmlər çoxdan artıq hazırdır: "Hüquqi baza mövcuddur. Belə ki, aktiv istehlakçıların dəstəklənməsi qaydası adı altında bir normativ sənəd var və təsdiqlənib. İşğaldan azad olunmuş ərazilərdə bir neçə böyük aktiv istehlakçı artıq şəbəkəyə qoşulub. Demək olar ki, bir neçə gün bundan öncə biz çox geniş tərkibdə bir daha bu məsələləri müzakirə etmişik".

C. Abdullayev qeyd edib ki, orta və kiçik biznes üçün işləmək üçün çox əlverişli şərait var: "Onlar ölkəyə idxal etdikləri panellər və onlarla bağlı digər avadanlıqlar üçün xüsusi güzəştlərə malikdirlər. Həmin güzəştlərin də həcmini bilirik və burada kifayət qədər böyük güclərdən söhbət gedir. Hesab edirəm ki, çox tez bir zamanda fərdi evlərdə, müəyyən biznes strukturlarında, kommersiya obyektlərində də və kənd təsərrüfatı rayonlarında istifadənin intensivləşməsini göstərən statistik rəqəmlər masa üzərində olacaq".