ADB Transxəzər layihəsinin xərclərini TİƏ başa çatandan sonra qiymətləndirəcək
- 05 may, 2026
- 09:26
Asiya İnkişaf Bankı (ADB) "Panasiya Enerji Sistemi" (PAGI) təşəbbüsü çərçivəsində onun ehtimal olunan dəyərini müəyyən etmək üçün "Transxəzər yaşıl enerji dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) başa çatmasını gözləyir.
Bunu "Report"un Səmərqəndə ezam olunmuş əməkdaşının sualını cavablandırarkən ADB-nin energetika üzrə direktoru Keydzu Mitsuhasi (Keiju Mitsuhashi) bankın Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində PAGI təşəbbüsünə həsr olunmuş mətbuat konfransında bildirib.
"Layihə TİƏ mərhələsindədir, buna görə də potensial xərcləri qiymətləndirmək üçün onun nəticələrini gözləmək lazımdır", - o qeyd edib.
Xatırladaq ki, 2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan ADB və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə "Transxəzər yaşıl enerji dəhlizi" təşəbbüsünün I mərhələsinin işə salınması barədə razılığa gəlib. Tərəflər üç ölkənin enerji sistemlərinin birləşdirilməsini və bərpa olunan enerjinin Avropaya ixracı üçün marşrutun yaradılmasını nəzərdə tutan layihənin TİƏ-nin birgə hazırlanması barədə saziş imzalayıblar.