ADB Azərbaycanın enerji şəbəkələrinin bərpasına gələcək dəstəyin istiqamətlərini açıqlayıb

Energetika
  • 07 noyabr, 2023
  • 15:15
ADB Azərbaycanın enerji şəbəkələrinin bərpasına gələcək dəstəyin istiqamətlərini açıqlayıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda enerjipaylayıcı şəbəkələrin bərpası üzrə dövlət layihələri ilə yanaşı özəl layihələri də dəstəkləməyə hazırdır.

Bu barədə “Report” ADB-nin Azərbaycanın elektrik enerjisi sektoru üçün çoxtranşlı maliyyələşdirmə (MFF) proqramının başa çatması (birinci tranş çərçivəsində) ilə bağlı yekun hesabatına istinadən xəbər verir.

“Azərbaycanın elektrik enerjisi bazarını mərhələli şəkildə liberallaşdırmağı qarşısına məqsəd kimi qoyması gələcəkdə özəl sektorun rolunun artacağının göstəricisidir. ADB Azərbaycanın elektrik enerjisinin bölüşdürülməsi sektorunda mühüm rol oynaya bilər, bir şərtlə ki, hökumət xarici borclanmanın məhdudlaşdırılması ilə bağlı mövcud siyasətini dəyişdirsin və enerji sektorunun modernləşdirilməsi üçün maliyyələşdirməyə icazə versin”, - hesabatda deyilir.

ADB hesab edir ki, 2020-ci ildən bəri dövlət borcunun ÜDM-ə nisbətinin sürətlə azalması hökumətin öz siyasətlərini nəzərdən keçirməsi və elektrik şəbəkəsini gücləndirmək və modernləşdirmək üçün suveren zəmanətli xarici borclanmaya imkan verməsi ehtimalının artdığını göstərir.

“Müsbət cəhət ondan ibarətdir ki, bu vəziyyət dövlət borcunun ÜDM-ə nisbətinin əhəmiyyətli dərəcədə azalması ilə müşayiət olunur; Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2021-ci ildə 14,9 %-ə, 2022-ci ildə isə 11,8 %-ə düşüb. 2023-cü ilin iyun ayına olan vəziyyətə görə, hökumətin hansı mərhələdə əlavə xarici borclanmaya icazə verməyə başlayacağı bəlli deyil, lakin “Azərişıq” ASC-nin 2023-2026-cı illər üçün strateji inkişaf planında xarici mənbələrdən əlavə maliyyə vəsaitinin cəlb edilməsi nəzərdə tutulur”, - hesabatda qeyd olunur.

ADB Azərbaycan hökumətinə (Tarif Şurası, Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) publik hüquqi şəxsi və “Azərişıq”) ən azı enerji bazarı liberallaşdırılana qədər tariflərin dövri və müntəzəm nəzərdən keçirilməsi (ilk illərdəki artımlar) sistemi üzərində işdə dəstək verə bilər. ADB həmçinin “Azərişığ”a gələcək islahatların (məsələn, paylayıcı və təchizat müəssisələrinin ayrılması sahəsində) həyata keçirilməsində və bazarın liberallaşdırılması üçün zəruri tədbirlərin görülməsində (məsələn, daha çox dəyişən bərpa olunan enerji mənbələrinin yerləşdirilməsi üçün enerji sisteminin çevikliyinin artırılması və ya açıq enerji təchizatının tətbiqində) dəstək ola bilər.

“Belə islahatların həyata keçirilməsi bir neçə il çəkəcək və 2024-cü ilin yanvarında yeni enerji qanunu qüvvəyə mindikdən sonra Azərbaycanın bu cür təkliflərə açıq olacağı gözlənilir”, - hesabat müəllifləri qeyd ediblər.

ADB dəstəyi indiyədək maliyyə sağlamlaşdırma planı çərçivəsində texniki yardım və MFF çərçivəsində bir tranşla (hər ikisi 2019-cu ilə qədər tamamlanıb) məhdudlaşsa da, bank “Azərişıq” və ölkənin digər enerji sektoru qurumları ilə əlaqələri davam etdirib. “ADB hökumətin paylama sisteminin modernləşdirilməsi, maliyyə və əməliyyat fəaliyyətinin yaxşılaşdırılması və ölkənin iqlim dəyişikliyi ilə bağlı öhdəliklərinin yerinə yetirilməsinə kömək etmək üçün uyğunlaşma məqsədləri ilə bağlı cari ideyalarını daim izləyir. Bununla bağlı Energetika Nazirliyi, AERA və “Azərişıq” ADB ilə qarşılıqlı fəaliyyəti davam etdirmək və dəstək almaq arzusunu ifadə ediblər”, - bankın iqtisadçıları bildiriblər.

MFF investisiya proqramı çərçivəsində bank paylayıcı şəbəkəyə prioritet investisiyaların maliyyələşdirilməsinə və tez-tez sistem nasazlığına və təchizatın pozulmasına məruz qalan şəbəkələrin bərpasına 750 milyon ABŞ dolları ayırmağı planlaşdırırdı. Ancaq 250 milyon ABŞ dolları məbləğində yalnız bir tranş təsdiq edilib və həyata keçirilib. Hökumət MFF-ni saziş müddətinin sonuna qədər (7 il müddətinə) ehtiyat mənbə kimi saxlayaraq digər iki tranş üçün müraciət etməyib.

Birinci tranş üzrə layihənin ümumi dəyəri 325 milyon ABŞ dolları həcmində dəyərləndirilirdi. Bunun 250 milyon ABŞ dolları ADB-nin payına düşürdüsə, hökumətin payı 75 milyon ABŞ dolları idi. Bununla belə, faktiki xərc daha az olub və 304,29 milyon ABŞ dolları təşkil edib ki, ADB-dən 249,97 milyon ABŞ dolları və hökumətdən isə 54,32 milyon ABŞ dolları daxil olub. 20,71 milyon ABŞ dolları məbləğindəki fərqi, ilk növbədə, vergi və rüsumların əhəmiyyətli dərəcədə azalmasının (qiymətləndirmə zamanı təxmin edilən 69,9 milyon dollardan 44,6 milyon dollara qədər) nəticəsidir.

Qeyd edək ki, yerli təchizatçılardan satınalmaların həcmi qiymətləndirmədə nəzərdə tutulan həcmi xeyli üstələdiyi üçün gömrük rüsumunun tərkib hissəsi xeyli azaldılıb. Bununla belə, sayğacların, informasiya texnologiyaları və digər avadanlıqların, eləcə də operativ nəqliyyat vasitələrinin alınması, sayğacların quraşdırılması və institusional obyektlərin tikintisi ilə bağlı xərclər proqnozlaşdırılandan daha çox olub.