ADB Azərbaycana “yaşıl” maliyyələşmə üzrə yol xəritəsi hazırlamağı tövsiyə edir
- 11 aprel, 2024
- 10:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan hökuməti “yaşıl” proqramlar üçün maliyyə çatışmazlığını qiymətləndirməli və “yaşıl” maliyyələşmə üzrə yol xəritəsi hazırlamalıdır.
“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) bu gün dərc etdiyi “Asiyanın inkişaf perspektivləri”nin aprel hesabatında deyilir.
“Ortamüddətli vergi-büdcə strukturu çərçivədə strateji planlaşdırmanı tamamladıqdan qısa müddət sonra hökumət “yaşıl” kreditlər, borc svopları, karbon bazarı, “yaşıl” istiqrazlar və sığorta məhsulları üçün “yaşıl” maliyyələşmə alətləri və əsaslarını işləyib hazırlamalıdır. Bu, “yaşıl” layihələrin miqyasını genişləndirməyə dövlət maliyyəsini “yaşıl” xərclərə yönəltməyə imkan verəcək. Məsələn, dövlət “yaşıl” istiqrazları vasitəsilə vəsait cəlb etməklə hökumət dövlət investisiyalarının ətraf mühitə fayda verən və karbon emissiyası hədəflərinə doğru irəliləyişə töhfə verən layihələri dəstəkləməsini təmin edə bilər”, - ADB analitikləri hesab edir.
Bankdan hesab edirlər ki, büdcənin iqlim etiketlənməsi (CBT - milli büdcə sistemində iqlimlə bağlı xərclərin monitorinqi və izlənilməsi üçün alətdir – red.) resursların bölüşdürülməsində iqlim aspektini vurğulamaq üçün effektiv vasitədir. CBT “yaşıl” məqsədlərin effektivliyini qiymətləndirmək üçün hesabat ili ərzində xərc maddələrinin etiketlənməsini və onların icrasına nəzarəti əhatə edir. “Bu proses bütün büdcənin icrası boyu davam etməlidir. Üstəlik, bu yanaşma digər ekoloji məqsədlərin müəyyənləşdirilməsinə imkan verir. Bu proses illik büdcə tsikli ilə məhdudlaşmamalı, strateji planlaşdırmanın uzunmüddətli vizyonunu nəzərə almaqla bütün ortamüddətli xərc strukturunu idarə etməlidir”, - hesabatda vurğulanır.
ADB hesab edir ki, “yaşıl” fiskal siyasətin həyata keçirilməsi bir sıra tədbirlər tələb edəcək: “Bunlara “yaşıl” fiskal risklərin idarə edilməsi təcrübələrinin və “yaşıl” dövlət satınalma prinsiplərinin tətbiqi, iqlimə həssas idarəetmənin və dövlət investisiyalarının qiymətləndirilməsinin tətbiqi, daxili və xarici nəzarətin tətbiqi, eləcə də maliyyə şəffaflığının təşviqi daxildir. Aydın institusional mexanizmlər yaradılmalıdır, çünki bu proses idarələrarası inteqrasiya və əməkdaşlığı nəzərdə tutur. Dövlət institutlarının potensialından istifadə “yaşıl” fiskal siyasətin uğurla həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək”.
Eyni zamanda, ADB analitiklərinin fikrincə, Azərbaycanda güclü vergi-büdcə siyasəti hökumətin iqlim dəyişikliyi ilə mübarizə üzrə kompleks strategiyasının əsas hissəsidir.
“Bu siyasət ölkənin emissiyaları azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üzrə fəaliyyət planına (Nationally determined contribution, NDC) uyğun olmalıdır, onun davamlı inkişaf məqsədlərinin iqlim aspektləri isə hökumət strategiyalarında və büdcə ayırmalarında öz əksini tapmalıdır. Maliyyə-büdcə əsası inklüziv və iqlim dəyişikliyinə həssas olmalıdır. “Yaşıl” gündəm və onunla əlaqədar problemlər büdcə planlaşdırılmasının ilkin mərhələsində nəzərə alınmalıdır. Ortamüddətli makrofiskal təhlillər və proqnozlar, eləcə də sahəvi strateji planlar “yaşıl” prioritetləri və göstəriciləri özündə ehtiva etməlidir. Strateji çərçivələr hökumətin “yaşıl” planını, maliyyələşmə ehtiyaclarını, maliyyə mənbəyini, karbon emissiyalarının məqsəd və hədəflərini, onunla bağlı elementləri əks etdirməlidir. “Yaşıl” prioritetlər büdcə siyasətinin iqlim təsirlərinin qiymətləndirilməsi ilə yanaşı, maliyyə davamlılığı təhlilinə daxil edilməlidir. Təsirin qiymətləndirilməsi və xərc-fayda təhlili zamanı iqlim məsələlərini nəzərdən keçirmək də faydalı olardı”, - ADB-dən vurğulayıblar.
2024-cü ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə hökumət karbon emissiyalarını azaltmaq üçün karbonsuzlaşdırma məqsədlərinə nail olmaq üçün müəyyən tədbirlər həyata keçirir. ADB-nin hesabatına əsasən, 2020–2040-cı illərdə Azərbaycanda orta temperaturun 1971–2000-ci illərlə müqayisədə 0,5–1,5 °C yüksək olacağı, yağıntıların miqdarının əsasən dağlıq və dağətəyi rayonlarda, o cümlədən Abşeron yarımadasında 10–20 % azalacağı gözlənilir.
“Azərbaycan xalis sıfır hədəfini öhdəsinə götürmədən Paris sazişini imzalayıb və ratifikasiya edib. Azərbaycan iqtisadiyyatı karbohidrogenlərdən ciddi şəkildə asılı olaraq qalır. Son 20 ildə neft ÜDM-in orta hesabla 40 %-ni və ümumi ixrac gəlirlərinin 90 %-ni təşkil edib. Ən son milli səviyyədə müəyyən edilmiş töhfə (NDC) 2030-cu ildə 35 % və 2040-cı ildə 40 % səviyyəsində dekarbonizasiya hədəflərini müəyyən edir ki, buna cari siyasətlər çərçivəsində nail olmaq çətin olacaq.
Bundan əlavə, avtomobillərin emissiyaları 2000-ci ildən 2019-cu ilə qədər üç dəfə artıb. Elektrik enerjisi istehsalı ikinci ən böyük emissiya mənbəyidir və metan ümumi emissiyaların təxminən 30 %-ni təşkil edir. 2024-cü ildə hökumət qlobal metan öhdəliyinə (the Global Methane Pledge) qoşulub”, - bank analitikləri qeyd edirlər.