"ACWA Power" Azərbaycandakı külək enerjisi layihəsində lokalizasiya prosesini 2 ilə yekunlaşdıracaq
- 11 sentyabr, 2025
- 15:17

İki ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən həyata keçirilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) tikintisi layihəsinin tamamilə 100 % yerli işçi qüvvəsi ilə idarə olunması təmin ediləcək.
"Report" xəbər verir ki, bunu şirkətin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində təşkil olunan "Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar" adlı paneldə deyib.
Onun sözlərinə görə, "ACWA Power" şirkətinin Azərbaycandakı su və külək enerjisi layihələrində yerli işçi qüvvəsinin istifadəsi və bilik transferinə xüsusi önəm verir.
S. Güven bildirib ki, "ACWA Power" artıq 10 ildən çoxdur lokalizasiya siyasətini həyata keçirir və Azərbaycanda icra olunan layihələrdə, o cümlədən külək enerjisi sahəsində əməliyyatların 99 %-i yerli işçilər tərəfindən idarə olunur.
"İki il ərzində layihənin tamamilə 100 % yerli işçi qüvvəsi ilə idarə olunması planlaşdırılır. İlkin mərhələdə yalnız bir xarici mütəxəssis layihəyə cəlb olunacaq və bilik transferini təmin etdikdən sonra mərhələli şəkildə layihədən çıxarılacaq", - deyə S. Güven əlavə edib.
Baş direktor vurğulayıb ki, bilik transferi və yerli işçi qüvvəsinin yetişdirilməsi layihə sahibliyini və əməliyyatların səmərəliliyini artırır:
"Kim öz aktivinə sahibdirsə, bu aktiv artıq yerli olur. Xarici investisiya yalnız maliyyə dəstəyini təmin edir, tikinti başa çatdıqdan sonra aktiv geri götürülə bilməz. Şirkət və işçilər tamamilə yerli olur".
O həmçinin qeyd edib ki, layihələrin dizayn mərhələsində bazar tələbləri və potensial risklər nəzərə alınır:
"Su və iqlim şəraitindəki dəyişikliklər layihələrin 25 illik əməliyyat müddətində suyun keyfiyyətinin qorunması və layihənin dayanıqlılığı üçün diqqətə alınır. Bu yanaşma risklərin idarə olunması və layihə əməliyyatlarının problemsiz həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".
Qeyd edək ki, 240 MVt gücündə "Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 2022-ci ilin yanvarın 13-də baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları, investoru "ACWA Power" şirkətidir. Elektrik stansiyasında illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək.
Külək elektrik stansiyasının 2025-ci ildə istismara verilməsi planlaşdırılır. "ACWA Power" şirkəti Azərbaycanda həmçinin içməli su istehsalı üçün dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsini həyata keçirir.Bununla bağlı Sumqayıt Kimya Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi nəzərdə tutulur.