AÇG yatağında yeni platforma üçün ətraf mühit sənədi ilə bağlı ictimaiyyətlə görüş keçiriləcək

Energetika
  • 26 oktyabr, 2018
  • 06:01
AÇG yatağında yeni platforma üçün ətraf mühit sənədi ilə bağlı ictimaiyyətlə görüş keçiriləcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində “Mərkəzi-Şərqi Azəri” layihəsinin (yeni platforma) Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı ilə əlaqədar ictimaiyyətlə görüş keçiriləcək.

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, görüşün oktyabrın 31-də “Holday İnn” mehmanxanasında keçirilməsi nəzərdə tutulur.

BP nəzərdə tutulan layihə üzrə ƏMSSTQ sənədini müzakirə etmək üçün bütün maraqlı tərəfləri bu açıq görüşdə iştirak etməyə dəvət edir.

Layihə üzrə ƏMSSTQ sənədlərinin nüsxələri və rəy formaları 11 sentyabr tarixindən etibarən ictimaiyyətin tanış olması üçün BP-nin Bakıda yerləşən Xəzər Mərkəzi ofisinin qəbul şöbəsində (Neftçilər prospekti 153), Ümid qəsəbəsi, 294 nömrəli orta məktəbdə, Ümid qəsəbəsi, 7 nömrəli orta məktəbdə, Səngəçal qəsəbəsində yerləşən dövlət kitabxanasında, Qaradağ rayonu, M. A. Sabir küçəsi 1,5 nömrəli mərkəzi kitabxanada, Sahil qəsəbəsində yerləşən dövlət kitabxanasında (E. Quliyev küçəsi, 2 nömrəli mərkəzi kitabxana), M.F. Axundov adına Milli Kitabxanada (Xaqani küçəsi 29), Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, (Hüseyn Cavid küçəsi 31), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanasında, (Azadlıq prospekti 20), Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, B. Ağayev küçəsi 100a) yerləşdirilib.

Bundan əlavə, azərbaycan və ingilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi BP-nin veb səhifəsində (www.bp.com/caspian) yerləşdirilib.

Qeyd edək ki, “Mərkəzi-Şərqi Azəri” AÇG müqavilə ərazisinin işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.

“Mərkəzi-Şərqi Azəri” layihəsinin suyun, təxminən, 137 metr dərinliyində, “Mərkəzi Azəri” (MA) və “Şərqi Azəri” (ŞA) platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarət olması planlaşdırılır.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Yeni saziş yatağın 2050-ci ilədək işlənməsini nəzərdə tutur.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.