AÇG və “Şahdəniz” layihələri üzrə mənfəət vergisi proqnozu 26 % artırılır
- 04 noyabr, 2022
- 05:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda gələn il Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” layihələri üzrə mənfəət vergisi ümumilikdə 3 milyard 367 milyon manat proqnozlaşdırılır.
"Report" bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Sənədə əsasən, bu, cari ilin dürüstləşdirilmiş proqnozundan 26,1 %, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 3,2 dəfə çoxdur.
2022-ci ilin dürüstləşmiş büdcə gəlirlərinin proqnozu ilə müqayisədə artıma səbəb 2021-ci ilin 4-cü rübündə podratçıların zərərlə fəaliyyət göstərmələri nəticəsində 2022-ci ilin 1-ci rübündə ödənişin olmaması, növbəti ildə hər rübdə mənfəət vergisinin proqnozlaşdırılmasıdır.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə uyğun olaraq, “Şahdəniz” yatağının işlənməsi üzrə müqavilənin müddəti 2036-cı ildən 2048-ci ilə qədər uzadılıb. SOCAR və BP-nin (layihə operatoru) layihədə iştirak payı müvafiq olaraq 16,7 % və 28,8 %-ə yüksəlib.
Müqavilə tərəfləri arasında pay bölgüsü: BP - operator (29,99 %), AzSD (14,35 %), “SGC Upstream” (6,67 %), “Lukoil” (19,99 %), NICO (10 %) və TPAO (19%).