AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb
- 12 may, 2023
- 11:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istismara veriləndən bu ilin mayın 1-nə qədər 208 milyard kubmetr qaz hasil edilib.
"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2023-ci ilin yanvar-aprel ayları üzrə operativ məlumatlarında deyilir.
İstismara veriləndən bu ilin mayın 1-nə qədər “Şahdəniz” yatağından 192 milyard kubmetrə yaxın qaz hasil edilib.
Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 135 milyard kubmetrə yaxın həcmi ixraca nəql edilib.
Bir il əvvəl “Azəri-Çıraq-Günəşli”dən hasil edilən qazın həcmi 195 milyard kubmetrə yaxın, “Şahdəniz”dən 166 milyard kubmetrdən çox idi, “Şahdəniz” qazının ixrac həcmi isə 114 milyard kubmetrdən çox təşkil edirdi.
2023-cü ilin yanvar-aprel aylarında “Azəri-Çıraq-Günəşli”dən 4,4 milyard kubmetr, “Şahdəniz”dən 8,8 milyard kubmetr qaz hasil edilib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.