AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən neftin həcmi açıqlanıb
- 12 may, 2023
- 11:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin mayın 1-nə qədər 615 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2023-cü ilin yanvar-aprel ayları üzrə operativ məlumatlarında deyilir. Bir il əvvəl bu yataqlardan hasil edilən və ixrac olunan neftin həcmi 589 milyon ton təşkil edib.
Bildirilir ki, “Azəri-Çıraq-Günəşli”dən 573 milyon ton neft (2022-ci ilin mayın 1-nə bu göstərici 553 milyon ton olub), “Şahdəniz”dən isə 42 milyon ton (36 milyon ton) kondensat çıxarılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin mayın 1-nə qədər 612,8 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib.
2023-cü ilin yanvar-aprel aylarında “Azəri-Çıraq-Günəşli”dən 6,2 milyon ton neft, “Şahdəniz”dən 1,5 milyon ton kondensat hasil olunub.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.