AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Energetika
  • 13 fevral, 2023
  • 08:50
AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku istismara veriləndən bu ilin fevralın 1-nə qədər 204,6 milyard kubmetr qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar ayı üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, istismara veriləndən bu ilin fevralın 1-nə qədər “Şahdəniz” yatağından 185 milyard kubmetrə yaxın qaz hasil edilib.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 130 milyard kubmetr həcmi ixraca nəql edilib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.