AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Energetika
  • 12 mart, 2024
  • 09:50
AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 2,2 milyard kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-fevral ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 0,4 milyard kubmetr və ya 15,4 % azdır.

Bu ilin ilk iki ayında “Şahdəniz” yatağında isə 4,6 milyard kubmetr qaz hasil edilib ki, bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 0,4 milyard kubmetr və ya 9,53 % çoxdur.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 3,4 milyard kubmetri ixraca nəql edilib ki, bu da 2023-cü ilin ilk iki ayı ilə müqayisədə 0,4 milyard kubmetr və ya 13,3 % azdır.

Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin martın 1-nə qədər “Azəri-Çıraq-Günəşli”dən 218,5 milyard kubmetr, “Şahdəniz”dən isə 213,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 151,5 milyard kubmetri ixraca nəql edilib

"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.