AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Energetika
  • 08 aprel, 2024
  • 11:37
AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 3,3 milyard kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-mart ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 0,3 milyard kubmetr və ya 8,3 % azdır.

Bu ilin ilkrübündə “Şahdəniz” yatağında isə 7 milyard kubmetr qaz hasil edilib ki, bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 0,8 milyard kubmetr və ya 12,9 % çoxdur.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 5,3 milyard kubmetri ixraca nəql edilib ki, bu da 2023-cü ilin ilk üç ayı ilə müqayisədə 0,3 milyard kubmetr və ya 6 % çoxdur.

Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin aprelin 1-dək “Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixraca nəql edilib.

"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.

44 - Tezliklə