AÇG-dən qaz hasilatı 5 %-ə yaxın artıb
- 13 mart, 2025
- 13:18
Bu ilin yanvar-fevral ayında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2,2 milyard kubmetr qaz hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir. Bu, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 0,1 milyard kubmetr və ya 4,8 % çoxdur.
“Şahdəniz” yatağından qaz hasilatı 0,2 milyard kubmetr və ya 4,44 % azaaraq, 4,3 milyard kubmetrə düşüb.
“Abşeron” yatağından 0,3 milyard kubmetr təbii qaz hasil olunub. Bu yataqdan qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalıb.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ümumiyyətlə 8,1 milyard kubmetr təbii qaz hasil edilib.İl ərzində qaz hasilatı 0,1 milyard kubmetr və 1,2 % azalıb.
İki ay ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1,3 milyard kubmetr təbii qaz hasil edib. Bu, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə eyni qalıb.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) Cənub Qaz Dəhlizi (16,02 %) və MVM (5 %) şirkətləri iştirak edir.
“Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır. "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında müqavilə imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu -Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Nəticədə SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edib.