ACE platformasının dayaq blokunun üst modulunun dənizə yola salınacağı vaxt açıqlanıb

Energetika
  • 01 avqust, 2023
  • 10:12
ACE platformasının dayaq blokunun üst modulunun dənizə yola salınacağı vaxt açıqlanıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku sahəsində yerləşən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının dayaq blokunun üst modulu bu ilin üçüncü rübündə dənizə yola salınacaq.

Bu barədə “Report” BP şirkətinin bu ilin ilk yarım ili üçün açıqladığı hesabata istinadən məlumat verib.

Bildirilib ki, artıq ACE platformasının üst blokunun tikintisi başa çatıb.

Şirkət qeyd edir ki, ACE layihəsi nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsinin növbəti mərhələsidir.

Xatırladaq ki, ACE platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınıb və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Qurğu bütün istismar sınaqları bitdikdən sonra bu ilin 16 mart tarixində dənizə yola salınıb və artıq platformanın üst modullarını qəbul etməyə hazırdır.

ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Bütün istismar sınaqları bitdikdən sonra üst modullar STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və AÇG yatağı sahəsində artıq öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq.

Bu ilin birinci rübündə həmçinin sualtı izolyasiya konstruksiyası işə salınıb və boruların üst modullarda izolyasiyası işləri tamamlanıb. Dalğıc gəmisi mövcüd 30-düymlük qovşağın birləşdirilməsini başa çatdırıb, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsinə başlayıb.

“Mərkəzi Azəri” platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə dəniz tikinti işlərinə başlanıb.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

44 - Tezliklə