“Abşeron” yatağından I yarımildə 0,8 milyard kubmetr qaz hasil edilib
- 11 iyul, 2024
- 07:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) əməliyyat şirkəti Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağından 800 milyon kubmetr qaz hasil edib.
Bu barədə "Report"a Energetika Nazirliyindən bildirilib.
Məlumatda deyilir ki, əməliyyat məlumatlarına əsasən, yanvar-iyun aylarında “Abşeron” yatağından 800 milyon kubmetr təbii qaz və 300 min ton kondensat hasil edilib.
Xatırladaq ki, 2023-cü ildə də JOCAP “Abşeron” yatağından 0,8 milyard kubmetr təbii qaz və 0,3 milyon ton kondensat hasil edib. 2024-cü ildə yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində bu yataqda qaz hasilatı pik həddə 1,5 milyard kubmetrə çatmalıdır, kondensat hasilatının isə 523 min ton olacağı gözlənilir.
10 iyul 2023-cü il tarixində “TotalEnergies” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində "Abşeron" yatağının işlənməsinin I mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başladığını elan ediblər. Hazırda hasilat "Abşeron" yatağından hasilatın birinci mərhələsi çərçivəsində aparılır. Qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.
“Abşeron” yatağın; Azərbaycan geoloqları 1960-cı illərdə kəşf edib. Yataqda 350 milyard kubmetr qaz olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra II ən böyük qaz yatağıdır.