“Abşeron” yatağında ilk quyuda qazma III rübdə yekunlaşacaq
- 07 fevral, 2019
- 13:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında ilk quyuda qazma işləri bu ilin III rübündə tamamlanacaq.
“Report” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev AZƏRTAC-a müsahibəsində bildirib.
“SOCAR-ın “Heydər Əliyev” adına yeni yarımdalma üzən qazma qurğusu artıq ötən ildən “Abşeron” yatağındakı ilk quyuda qazma işinə başlayıb. Bu quyunun dərinliyi 7 400 metrdən çox olacaq. Qazma işləri bu ilin üçüncü rübündə tamamlanacaq”, - R.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, daha sonra həmin qurğu “Şəfəq-Asiman” layihəsi çərçivəsində axtarış quyusunda qazmaya başlayacaq.
R.Abdullayev “Abşeron” yatağından ilk məhsulun 2020-2021-ci illərdə əldə olunmasının proqnozlaşdırıldığını qeyd edib.
SOCAR prezidenti xatırladıb ki, dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının işlənməsi artıq ikinci mərhələyə keçib, bu da qarşıdakı illərdə ölkənin qaz hasilatına ildə əlavə 16 mlrd. kubmetr gətirəcək.