ABŞ Dövlət Departamenti: Azərbaycan ABŞ-də enerji sektoruna investisiyaları artıra bilər
- 02 iyun, 2026
- 17:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan ABŞ-də, xüsusilə enerji sektoruna investisiyaları artıra bilər.
"Report"un məlumatına görə, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr birinci Azərbaycan-ABŞ iqtisadi dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, energetika ABŞ və Azərbaycan arasında iqtisadi münasibətlərin möhkəm təməli olaraq qalır.
"Bu gün biz ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri və müvafiq sahələr üzrə ekspertləri ilə regional əlaqəlilik, ticarət və tranzit məsələlərindəki irəliləyişi, o cümlədən TRIPP təşəbbüsünü, ticarət prosedurlarının sadələşdirilməsi və aviasiya sahəsində əməkdaşlığı ətraflı müzakirə etdik", - o bildirib.
K.Orr qeyd edib ki, Azərbaycanda ABŞ şirkətlərinin iqtisadiyyatın müxtəlif sektorlarına daha böyük marağını cəlb edəcək investisiya mühitinin yaradılması üzrə konkret ideyalar, həmçinin Azərbaycanın ABŞ-yə, xüsusilə energetika sahəsinə investisiyalarının artırılması imkanları nəzərdən keçirilib.
"Süni intellektin misli görünməmiş iqtisadi artımın hərəkətverici qüvvəsi kimi potensialını nəzərə alaraq, biz Azərbaycanın rəqəmsal infrastrukturunun modernləşdirilməsi və təhlükəsizliyinin artırılması üçün ABŞ-nin süni intellekt texnologiyalarının daha geniş tətbiqi yollarını müəyyənləşdirdik", - Dövlət Departamentinin nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar artıq 30 ildən çoxdur ki, Azərbaycana investisiya yatırır, ABŞ şirkətləri isə ölkənin neft-qaz sektorunun inkişafında mühüm rol oynamağa davam edir.
"Exxon" və "Chevron" kimi şirkətlər Azərbaycanın enerji sənayesinin mühüm iştirakçılarıdır və tərəfdaşlığımız inkişaf etməyə və genişlənməyə davam edir", - o qeyd edib.
Orr vurğulayıb ki, Vaşinqton respublikanın enerji sektoruna investisiyaları artırmaq, eyni zamanda, iqtisadiyyatın digər sahələrində də əməkdaşlığı genişləndirmək niyyətindədir.
"Biz enerji sektoruna investisiya qoyuluşu üzrə səylərimizi ikiqat artırır, həm də bu təməli daha genişmiqyaslı əməkdaşlıq strukturuna çevirməyə çalışırıq", - o deyib.
Dövlət Departamentinin nümayəndəsi həmçinin bildirib ki, ABŞ yeni infrastruktur dəhlizinin yaradılmasını nəzərdə tutan "Tramp Marşrutu" (TRIPP) təşəbbüsünün inkişafını nəzərdən keçirir.
"Biz bu dəhlizin multimodal olacağını və təkcə sərnişin daşımalarını deyil, həm də enerji resurslarının nəqlini, eləcə də rəqəmsal infrastrukturun inkişafını təmin edəcəyini gözləyirik", - o qeyd edib.
Dövlət katibinin köməkçisi əlavə edib ki, indiki iqtisadi dialoq ABŞ-nin Azərbaycanla əməkdaşlığı enerji sahəsindən kənara çıxarmaq və ölkə iqtisadiyyatının əsas sahələrinə investisiyaları stimullaşdırmaq istəyini əks etdirir: "Energetika münasibətlərimizin möhkəm təməli olaraq qalır, lakin bu gün biz bu istiqamətdən xeyli kənara çıxırıq".